“Hər kağızı bir yarpağa dəyişək” layihəsinə start verilir
Cari ilin əvvəlindən “ASAN xidmət”, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi və "Təmiz Şəhər" ASC-nin birgə təşkilatçılığı ilə "Hər kağızı bir yarpağa dəyişək" adlı birgə layihəyə start verilmişdir.
Layihə çərçivəsində dövlət qurumları, özəl təşkilatlar və vətəndaşlar tərəfindən istifadə olunmuş kağızların Bakı şəhərindəki "ASAN xidmət" mərkəzlərinin qarşısında quraşdırılmış xüsusi məntəqələrə təhvil verilməsi nəzərdə tutulur. Təhvil veriləcək kağızların xüsusi konteynerlərdə toplanılması və qeydiyyatının aparılması da nəzərdə tutulur.
Layihəyə əsasən hər 50 kq kağız qarşılığında bir ədəd ağacın alınması və həmin ağacın Bakı şəhəri ərazisində əkilməsi planlaşdırılır.
Layihənin həyata keçirilməsində əsas məqsəd cəmiyyətin ekoloji problemlərlə mübarizədə bütün təbəqələrinin iştirakını təmin etmək və onları bu işə cəlb etmək, real ekoloji layihələr vasitəsi ilə insanlar arasında maarifləndirmə işini effektiv şəkildə artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədilə tullantıların düzgün istifadəsini təşkil etməkdir.
İstifadə olunmuş kağızların qəbulu işinə 2014-cü il fevralın 3-dən etibarən başlanacaqdır.