Beynəlxalq Sərhədsiz İnsan Haqları Təşkilatının (BSİHT) direktoru “ASAN xidmət” mərkəzi ilə tanış olmuşdur
4 mart 2014-cü il tarixində Beynəlxalq Sərhədsiz İnsan Haqları Təşkilatının (BSİHT) direktoru Villi Fetr Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olmuşdur.
Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin yaradılması tarixçəsi, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycanın məhsulu və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.
“ASAN xidmət” mərkəzlərində vətəndaş məmnunluğunun əldə edilməsinə yönəlmiş addımları təqdirəlayiq hal hesab edən qonaq insan hüquq və azadlıqlarının təminatı sahəsində mərkəzlərinin təcrübəsinin mütərəqqi fəaliyyət nümunəsi olduğunu diqqətə çatdırmışdır. “Bir çox ölkələrdə olmağıma baxmayaraq “ASAN xidmət” məni təəccübləndirdi və hesab edirəm ki, bu təcrübə dünya dövlətləri üçün nümunəvi modeldir” deyə Villi Fetr bildirmişdir. O, həmçinin, buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirmiş, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulamışdır.