Please ensure Javascript is enabled for purposes of website accessibility

Xəbərlər

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları Koreyada keçiriləcək təlimdə iştirak edəcəklər


Sentyabrın 18-dən oktyabrın 5-dək Koreya Respublikasında təşkil olunacaq “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) əməkdaşları üçün ictimai xidmət sahəsi üzrə potensialının artırılması” Ölkə üzrə Spesifik KOICA təlim proqramında ölkəmizi təmsil edəcək “ASAN xidmət”in 18 əməkdaşı üçün təqdimat görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş ərzində təlim iştirakçılarına səyahət sığortası, KOICA-nın Qaydaları, Koreya Respublikasının mədəni aspektləri, mədəni və öyrədici ekskursiyalar, həmçinin ölkə üzrə təqdimat və fəaliyyət planının hazırlanmasında istiqamətlər, KOICA Məzunlar Assosiasiyasının fəaliyyəti və s. dair məlumat verilib.

Tədbirdə çıxış edən KOICA Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Park Kumok təlim proqramının onlar üçün produktiv və informativ olacağına ümid etdiyini bildirib. O, təlim iştirakçılarının yeni biliklər qazanacaqlarına və gələcəkdə Azərbaycanda ictimai xidmətin inkişaf etdirilməsində töhfə verəcəklərinə əminliyini ifadə edib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli isə uzunmüddətli dəstək və Azərbaycanda ictimai xidmət və informasiya texnologiyaları üzrə insan resurslarının inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsində göstərdiyi səylərə görə Koreya Respublikasına, xüsusən də KOICA-ya öz minnətdarlığını bildirib.

Qeyd edək ki, ölkə üzrə proqramlar hər bir iştirakçı qurum üçün ayrıca hazırlanır və onun reallıqlarını və tələblərini özündə əks etdirir. “ASAN xidmət” ölkə üzrə KOICA təlim proqramından ilk yararlanan qurumdur. Təlim proqramı 2017-2019-cu illəri əhatə etməklə 3 illik proqram kimi nəzərdə tutulur. 2017-2018-ci illərdə proqramda “ASAN xidmət”in ümumilikdə 36 əməkdaşı iştirak edib. Bu il təlim proqramının sonuncu ilidir.

Proqramın keçirilməsində əsas məqsədi ictimai xidmət keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş hökumətin inzibati islahatlarını özündə əks etdirən mühazirələr və real örnəklər vasitəsilə Koreya Respublikasının dövlət idarəetmə sisteminə dair məlumatın bölüşülməsindən ibarətdir. Təlim proqramını Koreya Universiteti həyata keçirəcək. Təlim müddətində Antikorrupsiya və Vətəndaş Hüquqları Komissiyası, İctimai Satınalmalar Xidməti, Seul Nəqliyyat Əməliyyat və İnformasiya Xidməti, Milli İnformasiya Resursları Xidməti, Koreya İnternet və Təhlükəsizlik Təşkilatı kimi bir sıra dövlət qurumlarına səfərlər nəzərdə tutulur.

Mənbə: azertag.az

Tarix: 11-09-2019 15:11