Please ensure Javascript is enabled for purposes of website accessibility

Xəbərlər

“YAŞAT” Fondunun strateji məqsədləri Türkiyə Ordusunun Baş Qərargahında yüksək dəyərləndirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının ikinci rəisi, general –polkovnik Səlcuk Bayrakdaroğlu ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətimizi səmimiliklə qarşılayan general–polkovnik Səlcuk Bayrakdaroğlu Azərbaycan Ordusunun qazandığı hərbi zəfəri böyük tarixi hadisə kimi dəyərləndirərək diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin bütün addımları Türkiyədə diqqətlə izlənilib, böyük qürur yaradıb, Bütün Türkiyə ictimaiyyəti Azərbaycanın qələbəsini öz sevinci kimi yaşayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaranması, funksiyası, keçdiyi inkişaf yolundan və perspektivlərindən bəhs edən qurumun rəhbəri Ülvi Mehdiyev Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək Fondunun (“YAŞAT”) məqsəd və vəzifələri barədə müfəssəl məlumat verib. Dövlər agentliyinin rəhbəri bildirib ki, “YAŞAT” Fondunun fəaliyyəti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun ötən il 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli qələbənin ucalığını qorumağa xidmət edir. Qısa zaman kəsiyində cəmiyyətimizdə böyük nüfuz qazanan “YAŞAT” Fondunun fəliyyətində iki mühüm istiqamət var: şəffaflıq və səmərəli idarəetmə. Azərbaycan Vətən müharibəsini bizə qazandıran şəhid və qazilərimizin ailələrinin sosial həyatının yüksəldilməsi, bu qəbildən olan ailələrin cəmiyyətimizin ən yuxarı təbəqəsində qazandıqları yerin qorunması, şəhid və qazi övladlarının yüksək əxlaqda, vətənpərvərlik ruhunda tərbiyə alması, onların mükəmməl təhsili Azərbaycanda mühüm dövlət strategiyası kimi qorunur. Cəmiyyətimizin bütün təbəqələrində şəhid və qazi ailələrinə göstərilən doğmalıq nəsillərə örnək səviyyəsindədir.

Görüşdə diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!”, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci, sevincimiz, kədəri kədərimizdir!” ifadələri bütün istiqamətlərdə sürətlə inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərində həyat gerçəkliyidir. Vurğulanıb ki, böyük rəşadətlə otuz illik işğala son qoyan Azərbaycan düşməndən azad edilən əraziləri bərpa etmək, şəhid və qazi ailələrini, eləcə də müharibədən zərər çəkən mülki əhalini himayəyə götürmək, o cümlədən amansız düşmənin hərbi hücumlarının dağıntılarını aradan qaldırmaq strategiyası ilə hərbi zəfərin gücünü və mahiyyətini daha da artırıb.

Qeyd olunub ki, Azərbaycan nümayəndə heyətinin bu səfərdəki əsas məqsədi Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən “Elele” (Əl-ələ), “Eğitim” (Təhsil), “Dayanışma” (Həmrəylik) və “Mehmetçik” (Əsgər) Fondları ilə “YAŞAT” Fondu arasında münasibətlər yaratmaq, əlaqələrinin istiqamətlərini müəyyən etmək və əməkdaşlıq protokolu imzalamaqdır.

Mənbə: AZƏRTAC

Tarix: 11-03-2021 09:42