Please ensure Javascript is enabled for purposes of website accessibility

Xəbərlər

Baş nazir Əli Əsədov İndoneziyanın inzibati və bürokratik islahatlar naziri ilə görüşüb


Oktyabrın 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İndoneziya Respublikasının inzibati və bürokratik islahatlar naziri Abdullah Azvar Anas ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İndoneziya arasında qarşılıqlı hörmət və dostluğa əsaslanan münasibətlərin mövcud olduğu vurğulanaraq, ötən ilin iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 30-cu ildönümü ilə əlamətdar olduğu qeyd edildi.

Siyasi sahədə uğurlu əməkdaşlıq barədə söhbət açan Ə.Əsədov, beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı dəstəyi bu əməkdaşlığın mühüm faktorlarından biri kimi dəyərləndirdi.

Baş nazir ölkələr arasında ticarət dövriyyəsinin 2022-ci ildə 5 dəfə artdığını nəzərə çatdıraraq, bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini vurğuladı.

Tərəflər ölkələr arasında vətəndaşlara dövlət xidməti sahəsində uğurlu əməkdaşlığın mövcudluğunu təsdiq edərək 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziyanın İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası ilə əlaqədar fikir mübadiləsi apardılar.

Qeyd edildi ki, Memorandumun icrası çərçivəsində İndoneziyada “ASAN xidmət” modeli əsasında Dövlət Xidmətləri mərkəzləri fəaliyyət göstərməkdədir. Bundan əlavə, İndoneziya tərəfinin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qulluqçularına “ASAN xidmət” ekspertləri tərəfindən ölkəmizdə müxtəlif istiqamətlər üzrə mütəmadi olaraq təlimlər keçirilir.

Görüşdə həmçinin iki ölkə arasında sərmayələrin qoyuluşu, enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.

Mənbə: https://nk.gov.az/

Tarix: 10-10-2023 15:15