Please ensure Javascript is enabled for purposes of website accessibility

Xəbərlər

“ASAN xidmət”də “YARAT!” Müasir İncəsənət Məkanının sərgisi nümayiş olunmuşdur


Mayın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “YARAT!” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş sərgi açılmışdır.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov rəhbərlik etdiyi qurumun gördüyü işlərdən danışmışdır. Bildirmişdir ki, “ASAN xidmət” Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır. “ASAN xidmət” mərkəzlərində yaşayış yerindən asılı olmayaraq bütün vətəndaşlara xidmət göstərilir.

Məqsədimiz vətəndaşların gözlədiklərinə uyğun xidmətləri onlara təqdim etmək və dövlət qulluqçusu – vətəndaş münasibətlərini keyfiyyətcə daha yüksək səviyyəyə qaldırmaqdır. Burada nümayiş etdirilən sənət əsərləri də vətəndaşlarımızın mənəvi dünyasının zənginləşməsinə xidmət göstərəcəkdir.

“YARAT!” Müasir incəsənət Məkanının rəhbəri Aida Mahmudova qeyd etmişdir ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə çoxlu sayda insanlar gəlir. Belə bir məkanda sərginin nümayişi daha çox insanın müasir incəsənətlə tanış olmalarına kömək edə bilər. Sərgidə üç rəssamın – Fərid Rəsulov, Faiq Əhməd və Çingiz Babayevin əsərləri nümayiş etdirilir. Belə bir sərginin təşkili başqa təşkilatlara da müasir Azərbaycan incəsənətini dəstəkləmək baxımından nümunə ola bilər.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin sədri Fuad Məmmədov sərginin əhəmiyyətindən danışmış, “YARAT!” Müasir incəsənət Məkanının rəhbəri Aida Mahmudovaya təşəkkürünü bildirmişdir.

Sonra sərgiyə baxılmışdır. Nümayiş olunan əsərlər tamaşaçılarda xoş təəssürat oyatmışdır.

Mənbə: AzərTAc

Tarix: 05-05-2013 13:39