2 saylı ASAN işə başlayır
Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzi iyunun 5-dən fəaliyyətə başlayacaq. Mərkəzin xidmətlərindən Xətai, Nizami və Suraxanı rayonlarının əhalisi yararlanacaq.
2 saylı “ASAN xidmət” mərkəzi Xətai rayonu, Nobel prospekti 23 ünvanında (AMAY ticarət mərkəzinin binasında) yerləşir. Xatırladaq ki, prezident İlham Əliyevin iştirakı ilə mayın 24-ü 2 saylı “ASAN xidmət” mərkəzinin inzibati binasının açılış mərasimi olmuşdu. May ayı ərzində bu ikinci ASAN xidmət mərkəzinin açılışı idi. Bundan əvvəl mayın 3-də Sumqayıt regional “ASAN xidmət” mərkəzi açılmışdı.
Ümumilikdə hazırda Bakıda 2, Sumqayıtda 1 ASAN xidmət mərkəzi yaradılıb.
ASAN xidmət mərkəzinin fəaliyyətə başladığı 15 yanvar tarixdən bu günədək 100 mindən artıq vətəndaşa xidmət göstərilibd. İl ərzində Bakıda daha 2 mərkəzin, Gəncədə 1 regional mərkəzin yaradılması nəzərdə tutulub.
2 saylı “ASAN xidmət” mərkəzində dövlət orqanları tərəfindən aşağıdakı xidmətlər həyata keçiriləcək:
- doğumun qeydə alınması;
- ölümün qeydə alınması;
- nikahın qeydə alınması;
- nikahın pozulmasının qeydə alınması;
- övladlığa götürmənin qeydə alınması;
- atalığın müəyyən edilməsinin qeydə alınması;
- adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması;
- vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi;
- notariat fəaliyyəti- müxtəlif müqavilələrin, sənədlərin, imzaların, tərcümə materiallarının təsdiqi, vərəsəliyin açılması və.s.;
- şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- məhkumluq barədə arayışların verilməsi;
- yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
- daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların (forma № 1 arayışlarının) verilməsi;
- kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı;
- hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi;
- gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu;
- əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi;
- torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;
- əmək pensiyalarının təyin edilməsi;
- dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi.
Mərkəzdə bundan əlavə aşağıdakı funksional yardımçı xidmətlər həyata keçiriləcək:
- bank xidmətləri
- sığorta xidmətləri
- hüquqi yardım xidmətləri:
- bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digərinə tərcümə edilməsi ilə bağlı xidmətlər;
- tibb xidmətləri:
- rəsmi internet informasiya ehtiyatı vasitəsi ilə göstərilən xidmətlər
Mənbə: Azvision.AZ