Please ensure Javascript is enabled for purposes of website accessibility

Xəbərlər

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzi açılmışdır


Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak etmişdir.

Son illər Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülmüş, müvafiq hüquqi baza formalaşdırılmışdır. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır, vətəndaşları dövlət xidmətlərinə yaxınlaşdırır. 2012-ci il iyulun 13-də isə bu sahədə daha mühüm islahata imza atılmışdır - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradılmışdır. Sentyabrın 5-də Agentliyin əsasnaməsi və strukturu müəyyən olunmuşdur. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsidir. Buraya xidmət mərkəzlərini əhatə edən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir. Ötən il dekabrın 29-da pilot layihə olaraq Bakıda 1 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlamışdır. Bu il mayın 3-də Sumqayıt “ASAN xidmət” mərkəzi istifadəyə verilmişdir. Mayın 24-dən isə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi fəaliyyətə başlamışdır. Hər üç mərkəzə şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı daxil olan müraciətlər üstünlük təşkil etmişdir.

“ASAN xidmət” mərkəzində ilk vaxtlar 23 hüquqi xidmət həyata keçirilirdi. İndi isə əcnəbi və vətəndaşlığı olmayan şəxslərə əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin, daşınmaz əmlakla bağlı dövlət reyestrindən arayışların verilməsi göstərilən xidmətlərə əlavə edilmişdir. Bununla da dövlət orqanları tərəfindən göstərilən hüquqi xidmətlərin sayı 25-ə çatmışdır. Artıq Yasamal rayonunda yerləşən Bakı şəhər 3 saylı “ASAN xidmət” mərkəzi də istifadəyə hazırdır.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov mərkəzdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verdi ki, burada tətbiq edilən yeniliklərdən biri “Exit poll” rəy sorğusunun fəaliyyət göstərməsidir. Bu, vətəndaşların göstərilən xidmətlərlə bağlı münasibətlərini öyrənməyə imkan verir. Bu yenilik həm də göstərilən xidmətlərin keyfiyyətini araşdırır. Sorğunun nəticələri müəyyən məsələlər üzrə lazımi tədbirlərin görülməsinə imkan yaradır.

Bildirildi ki, “ASAN xidmət” yaradıcılığa dəstəklə bağlı müxtəlif sosial aksiyalar keçirməsi ilə də tanınır. Mərkəzdə “YARAT” müasir incəsənət məkanının guşəsi də qurulmuşdur.

Dövlətimizin başçısına mərkəzdə tətbiq edilən daha bir yenilik - elektron müraciət köşkü barədə məlumat verildi. Vətəndaşlar mərkəzdən “108 Çağrı” mərkəzinə zəng edərək, canlı videobağlantı vasitəsilə xidmətdən yararlanıb razılıqlarını, təkliflərini, müraciətlərini bildirmək imkanı qazanırlar.

Prezident İlham Əliyev mərkəzdə işçilər üçün yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki. “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, müasir texnologiyaların, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

Dövlətimizin başçısı “ASAN xidmət” mərkəzlərinin fəaliyyət dairəsini əks etdirən xəritəyə baxdı. Bakı şəhər 1 saylı “ASAN xidmət” mərkəzi paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan vətəndaşlara, Sumqayıt “ASAN xidmət” mərkəzi bu şəhərin sakinlərinə, eyni zamanda, Abşeron, Siyəzən, Şabran və Xızı rayonlarının sakinlərinə, Bakı şəhər 2 saylı  “ASAN xidmət” mərkəzi Xətai, Nizami və Suraxanı rayonlarının sakinlərinə xidmət göstərir. Artıq fəaliyyətə hazır olan Bakı şəhər 3 saylı “ASAN” xidmət mərkəzi isə Yasamal, Səbail və Qaradağ rayonlarının sakinlərinin xidmətində olacaqdır.  

Qeyd edildi ki, “Çağrı” mərkəzi vasitəsilə vətəndaşlar mərkəzə gəlmədən internet və ya telefonla bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala və növbə tuta bilərlər. Mərkəzdə şəffaflığın təmin edilməsi məqsədi ilə xidmət proseduru videokamera ilə fasiləsiz qeydiyyata alınacaqdır. Xidmət sistemi müasir İP telefon və İP şəbəkə sistemi ilə təmin edilmişdir. Xidmətlərin tənzimlənməsi məqsədi ilə elektron monitor və elektron elan tabloları qurulmuşdur. Mərkəzdə videomüşahidə kameraları və rüsumların məbləğlərini əks etdirən tablo quraşdırılmışdır.

Prezident İlham Əliyevə “ASAN imza” layihəsi təqdim olundu. Bildirildi ki, “ASAN imza” vasitəsilə vətəndaşlar Vergilər Nazirliyinin portalına daxil olacaq və “ASAN-dok” proqramının köməyi ilə sənədlərin imzalanması həyata keçiriləcəkdir. Ümumiyyətlə, bu xidmət sayəsində vətəndaşlar istər mobil telefon, istər kompyuter və digər mobil qurğular vasitəsilə bütün elektron xidmətlərdən maneəsiz və təhlükəsiz istifadə edə bilərlər. Bütün dövlət və qeyri-dövlət qurumları, vətəndaşlar bu xidmətdən yararlanaraq bir-birilərinə imzalanan sənədləri göndərə biləcəklər. Bu isə nəticədə nağdsız ödənişlərin artmasına, vətəndaşla dövlət arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinə təkan verəcəkdir.

Prezident İlham Əliyevə “ASAN imza”nın sertifikatı və “ASAN imza”nın daşıyıcısı olan Sim kartın yerləşdiyi mobil telefon təqdim edildi.
Diqqətə çatdırıldı ki, “ASAN xidmət” mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Mərkəz daim internetə açıq olan kompyuterlərlə təchiz edilmişdir. Vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanmaları üçün hər cür şərait vardır.

“ASAN xidmət” Mərkəzində vətəndaşların gözləmələri və vaxtlarını səmərəli keçirmələri üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin ödənişi, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. Mərkəzdə vətəndaşın qəbulu elektron növbə əsasında həyata keçiriləcəkdir. Bunun üçün ən müasir avadanlıq quraşdırılmışdır. Xidmətin  “asan.gov.az” internet saytı vasitəsi ilə vətəndaşlar üçün online növbəyə yazılma, elektron ərizələr doldurma, sənədləri müxtəlif orqanlara elektron qaydada göndərmə və digər imkanlar yaradılmışdır. “Elektron məlumat mərkəzi”nə müraciət edən vətəndaş bütün məlumatları öyrənə, elektron ərizəni  doldura və eyni vaxtda çap etdirə bilər. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etmələrini asanlaşdırır. Bundan əlavə, mərkəzlərdə vətəndaşlar üçün 22 növ funksional yardımçı xidmət göstərilir.

Məlumat verildi ki, Bakı şəhər 3 saylı “ASAN xidmət” mərkəzində “Biometrik məlumatların toplanması sistemi” də yaradılmışdır. Sistem biometrik şəkillərin çəkilməsi, barmaq izlərinin götürülməsi, elektron imza və digər xüsusiyyətlərə malikdir. Digərlərində olduğu kimi, bu mərkəzdə də uşaqlar üçün ayrıca oyun guşəsi yaradılmışdır.

“ASAN xidmət” mərkəzində 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 25 hüquqi xidmət həyata keçirilir.

Dövlətimizin başçısı mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

Mənbə: AzərTAc

Tarix: 23-09-2013 14:33