Please ensure Javascript is enabled for purposes of website accessibility

Xəbərlər

ASAN dövlət xidmətlərinin idarə edilməsi sahəsində İSO sertifikatı alan ilk dövlət orqanıdır


Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun müsahibəsi.

- Bir neçə gün əvvəl dövlət xidmətlərinin idarə edilməsi sahəsində yaradılan ASAN beynəlxalq sertifikata layiq görülmüşdür. Bu barədə məlumat verə bilərsinizmi? 

- Fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İSO idarəetmə standartı üzrə beynəlxalq sertifikat almışdır. ASAN bu beynəlxalq sertifikatı alan ilk dövlət orqanıdır. 

Qeyd edək ki, ISO 9001 standartı vətəndaşyönümlü, idarəetməyə sistemli yanaşma, təşkilat daxilində hər kəsin iştirakı, daimi təkmilləşdirmə, faktlara əsaslanan qərarların qəbul edilməsi kimi prinsiplərə əsaslanır.

Keyfiyyətli İdarəetmə Sisteminin Dövlət Agentliyinin işində tətbiqi “ASAN xidmət” mərkəzlərində baş verən hər bir prosesin şəffaf mexanizmlərə və qaydalara əsaslanmaqla həyata keçirilməsinin göstəricisidir. Hər bir prosesin başlanğıcı və sonu arasındakı fəaliyyət tam aydındır və tətbiq olunan şəffaf mexanizmə uyğundur. 

Sertifikatlaşma Auditi “İntertek” şirkəti tərəfindən həyata keçirilmişdir. Auditin nəticəsi olaraq Dövlət Agentliyinin fəaliyyətinin İSO 9001:2008 standartının Tələblərinə tam uyğun olduğu müəyyən edilmiş və Agentliyə İSO 9001:2008 standartı üzrə beynəlxalq dərəcəli sertifikatın verilməsinə dair qərar qəbul edilib.

Bi isə o deməkdir ki, fəaliyyətin məhz həmin prinsiplərə uyğun qurulması Dövlət Agentliyinin və ASAN Xidmət Mərkəzlərinin işinin keyfiyyət əmsalının ölçülməsini təmin edəcək və keyfiyyətin daim yüksəldilməsinə zəmin yaradacaq. 

Dövlət Agentliyi və ASAN Xİdmət mərkəzləri ölkəmizdə öz fəaliyyətini yüksək standartlar çərçivəsində quran və inkişaf etdirən dövlət orqanıdır. Dünyada isə “vahid məkan” prinsipinə əsaslanan nadir dövlət qurumlarındandır. ASAN Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən yaradılan müasir, keyfiyyətli və effektiv idarəetmə sistemidir.

- Sertifikatlaşmanı aparan “İntertek” şirkəti ictimaiyyətə elə də tanış deyil... 

- “İntertek” şirkəti 130 illik tarixi olan və baş ofisi Londonda yerləşən nüfuzlu Britaniya şirkətidir. Şirkət dünyanın müxtəlif ölkələrində məhsulların, proseslərin və sistemlərin keyfiyyəti və təhlükəsizliyi üzrə qiymətləndirmələr, sertifikatlaşdırmalar aparır. Onun fəaliyyəti 100-dən çox ölkəni əhatə edir. Şirkətin verdiyi sertifikatı bütün dünyada tanınan keyfiyyət nişanı ilə müqayisə etmək olar. Dövlət xidmətlərinin idarə edilməsi sahəsində yaradılan ASAN-la bağlı sertifikatlaşdırma isə İSO-nun sifarişi ilə həyata keçirilib.

- Bəs İSO barədə nə deyə bilərsiniz? 

- İSO – Beynəlxalq Standartlaşdırma Təşkilatdır. İSO beynəlxalq standarları inkişaf etdirir. 1947-ci ildə yaradılmış və İsveçrədə yerləşən bu beynəlxalq təşkilat indiyə qədər idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair 19500-dən çox beynəlxalq standart müəyyənləşdirmişdir. ISO 9001 isə Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən hazırlanmış və hazırda dünyada ən çox tətbiq edilən keyfiyyətli idarəetmə standartıdır.

 

Tarix: 25-02-2014 10:08