Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə həvalə edilmiş tədbirlərin (2014-cü il üzrə) icrası ilə bağlı
Hesabat
2014-cü il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən qanunvericiliklə fəaliyyətinə aid edilmiş istiqamətlər üzrə davamlı və məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Mərkəzlərdə xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə, əməkdaşlar tərəfindən etik davranış qaydalarına əməl olunmasına daim nəzarət edilmiş, hər bir xidmətin qanunauyğun göstərilməsinə, keyfiyyətinə və şəffaflığa dair qiymətləndirmələr aparılmış, nöqsan və şikayətlərin aradan qaldırılması üçün mütəmadi tədbirlər görülmüş və bu istiqamətdə vətəndaşların məmnunluq əmsalı (98.8%) daim yüksək səviyyədə saxlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral tarixli Fərmanı ilə “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin sayı artırılmış, əlavə olaraq müəyyən edilən 4 xidmətin (mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin dövlət qeydiyyatına alınması və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması, xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən apostil verilməsi üçün sənədlərin qəbulu) göstərilməsi üzrə Dövlət Agentliyi tərəfindən zəruri tədbirlər görülmüşdür. Həmçinin adıçəkilən Fərman ilə mərkəzlərdə fəaliyyət göstərən orqanların sayı artırılaraq (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əlavə edilmişdir) 10-a çatdırılmışdır.
Hesabat ili ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin 7 may tarixində, Sabirabad regional “ASAN xidmət” mərkəzinin isə 15 dekabr tarixində açılışı həyata keçirilmişdir. Bununla da mərkəzlərin sayı və əhatə dairəsi artırılmış və hazırda 7 mərkəz tərəfindən 6,5 milyon vətəndaşa xidmət göstərilməsi üçün bütün imkanlar təmin olunmuşdur.
Eyni zamanda bəzi mərkəzlərin xidmət göstərdiyi ərazi genişləndirilərək Sumqayıt “ASAN xidmət” mərkəzi üzrə Qobustan, Şamaxı, Quba və Qusar, Gəncə “ASAN xidmət” mərkəzi üzrə isə Ağstafa, Tovuz və Qazax rayonları bu sıraya əlavə edilmişdir.
Hesabat ilində mərkəzlərdə fəaliyyət göstərən funksional yardımçı xidmətlərin də sayı artırılaraq 130-dan çox xidmət növü vətəndaşların istifadəsinə verilmişdir.
Hesabat dövründə “ASAN xidmət” mərkəzlərində ümumilikdə 2.626.000 müraciət qeydə alınmışdır ki, bu da ötən illə müqayisədə 3 dəfədən çox artım deməkdir.
2014-cü ilin yekunlarına əsasən mərkəzlər (o cümlədən mobil və səyyar xidmət) fəaliyyətə başladığı gündən ümumilikdə 3.609.891 müraciət olunmuş, onlardan 3.371.374 müraciət xidmətlə təmin edilmişdir.
Hesabat ilinin 3 fevral tarixindən şəxslərin yaşayış və ya iş yerini, habelə olduğu yeri tərk etmədən mərkəzlərdə göstərilən xidmətlərdən yararlanması həyata keçirilməyə başlanmışdır. Eyni zamanda “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionların əhalisinə xidmətlərin çatdırılması məqsədi ilə xüsusi avtobuslar vasitəsi ilə həyata keçirilən mobil “ASAN xidmət” fəaliyyəti cari ildə də davam etdirilmişdir.
2014-cü ildə mobil “ASAN xidməti” üzrə regionlarda 25 məntəqədə 30 rayonun əhalisinə xidmət göstərilmişdir. Qeydə alınmış 59.060 vətəndaş müraciətindən 57.272-i xidmətlə təmin edilmişdir. Mərkəzlərdə olduğu kimi mobil xidmətlərdə də ən çox müraciət Daxili İşlər və Ədliyyə Nazirlikləri, habelə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilən xidmətlər üzrə olmuşdur.
Bakı şəhərində səyyar xidmət üzrə 880 vətəndaş müraciətinə baxılmış (754 hazır sənəd verilmişdir), onlardan 207-si kənardan qulluğa ehtiyacı olan əlillər, 8-i sağlamlığı məhdud olan uşaqlar, 598-i digər vətəndaşlar olmuş, həmçinin sosial aksiya çərçivəsində cəzaçəkmə müəssisələrində 67 məhkuma müvafiq xidmətlər göstərilmişdir.
“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün
Milli Fəaliyyət Planı” üzrə:
5.1 İdarənin dövlət orqanlarının informasiya sistemləri, məlumat bazaları və reyestrlərindən qanunvericiliklə müəyyən edilmiş qaydada, real vaxt rejimində istifadəsinin təmin edilməsi
Dövlət Agentliyi tərəfindən elektron xidmətlərin genişləndirilməsi, həmçinin dövlət informasiya sistemləri və ehtiyatları ilə bağlı məsələlərin ətraflı tənzimlənməsi məqsədilə “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı” və “Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında” Qanun layihələri hazırlanaraq digər dövlət orqanları ilə razılaşdırılmış və baxılması üçün aidiyyəti üzrə təqdim edilmişdir.
Dövlət Agentliyi tərəfindən aparılmış elektron xidmətlərin təşkili və göstərilməsinin qiymətləndirmə nəticələri ilə bağlı xidmətlərin daha yaxşı təşkili, informasiya sistemlərinin inteqrasiyası istiqamətində aidiyyəti qurumlarla birgə müəyyən tədbirlər həyata keçirilmişdir:
- Elektron xidmətlərin baza sistemlərinin təkmilləşdirilməsi (Fərdi identifikasiya nömrəsinə əsasən) üçün layihə və texniki tapşırıq hazırlanmış və aidiyyəti orqanlara təqdim edilmişdir. Layihə Azərbaycan Respublikasının Ədliyyə və Səhiyyə nazirlikləri ilə dövlət orqanlarının informasiya ehtiyatlarının inteqrasiya edilməsi, vətəndaşa aid olan məlumatların uyğun bazalardan interaktiv formada əldə edilməsi üçün elektron informasiya sistemlərinin təkmilləşdirilməsini əhatə edir;
- İnzibati tənbeh tətbiq edilməsi barədə qərarların vətəndaşa elektron qaydada göndərilməsini, inzibati cərimələrin və məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada ödənilməsini təmin edən çoxfunksiyalı “ASAN ödəniş” sistemi hazırlanmışdır. Hazırda sistemin digər cərimə növləri üzrə genişləndirilməsi planlaşdırılır.
2. Agentlikdə ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi
2013-cü ildən tətbiqinə başlanılmış elektron sənəd dövriyyəsi vasitəsilə Dövlət Agentliyinə daxil olmuş rəsmi müraciətlər, məktublar və asan@asan.gov.az və info@asan.gov.az e-mail ünvanları vasitəsilə daxil olan elektron müraciətlər qeydiyyata alınaraq icraçılara yönəldilir və araşdırıldıqdan sonra rəsmi və ya elektron formada cavablandırılır. Bu istiqamətdə mövcud qanunvericiliyin tətbiqi və daxildə sənəd dövriyyəsi mexanizminin təkmilləşdirilməsi məqsədilə 2014-cü il 16 oktyabr tarixli əmr ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan “ASAN xidmət” mərkəzlərində kargüzarlığın aparılması Qaydaları” təsdiq edilmişdir.
Hesabat ilində Dövlət Agentliyinə rəsmi qaydada cəmi 1.856 vətəndaş müraciəti daxil olmuş, onlardan 1.609-u ərizə, 239-u şikayət, 8-i isə təklif xarakterli olmuşdur. Qeyd edilən müraciətlərdən 1.382-i müsbət, 16-ı isə qismən həll olunmuş, 38-i aidiyyəti üzrə göndərilmiş, 313 vətəndaşa isə müvafiq izahat verilmişdir. Hazırda icraatda olan 107 müraciətə baxılır.
Dövlət Agentliyinin Aparatında hər il təsdiq olunan qrafik əsasında rəhbər şəxslər tərəfindən vətəndaşların qəbulu həyata keçirilir. Həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-a qədər vətəndaşlar Elektron sənəd dövriyyəsi şöbəsinin Vətəndaşların qəbulu işinin təşkili sektorunda qəbul edilir və onların istəyinə uyğun olaraq vəzifəli şəxslərin qəbulu təşkil edilir.
Hesabat dövrü ərzində mərkəzlərdə göstərilən xidmətlər üzrə vətəndaşların məmnunluq səviyyəsini müəyyən etmək üçün mütəmadi olaraq keçirilən rəy sorğuları 2014-cü il üzrə də Tədbirlər Planında nəzərə tutulmuş qaydada (21 dövri rəy sorğusu) həyata keçirilmişdir.
Müvafiq plan üzrə 1, 2, 3 saylı Bakı və Sumqayıt “ASAN xidmət” mərkəzlərinin hər birində 4, Gəncə və 4 saylı Bakı “ASAN xidmət” mərkəzlərinin hər birində 2, səyyar xidmətdə isə 1 dövri rəy sorğusu keçirilmişdir. Ümumilikdə hesabat ilində xidmət alan 67.267 nəfərin xidmət barədə rəyi öyrənilmiş və nəticədə vətəndaşların 98.8%-i göstərilən xidmətlərin səviyyəsindən razı qaldıqlarını bildirmişlər.
Hesabat dövrü ərzində mərkəzlərdə göstərilən xidmətlər üzrə vətəndaşların məmnunluq səviyyəsini müəyyən etmək üçün mütəmadi olaraq keçirilən rəy sorğuları ilə yanaşı vətəndaşların göstərilən xidmətlərlə bağlı münasibətlərini öyrənməyə şərait yaradan “Exit poll” aparatının, vətəndaşların “Çağrı” mərkəzinə birbaşa görüntülü müraciət etmək üçün Müraciət köşklərinin və vətəndaşların yazılı şəkildə xidmətlərlə bağlı öz rəylərini bildirməsi üçün Şikayət kitabçasının imkanlarından da istifadə olunmuşdur.
Dövlət Agentliyinin, o cümlədən də “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə vətəndaşlardan ideyaların toplanması məqsədi ilə 2012-ci ildən “İdeya Bankı” fəaliyyət göstərməyə başlamışdır. “İdeya Bankı” 2013-cü ildən etibarən elektronlaşdırılmış, ideyaların toplanılması və qiymətləndirilməsi işinin təkmilləşdirilməsi məqsədi ilə hesabat ilinin noyabr ayından etibarən isə www.ideyabanki.com internet səhifəsi vətəndaşların istifadəsinə verilmişdir. 2014-cü ildə “İdeya Bankı”-na 1700-dən çox ideya daxil olmuşdur. Dövri olaraq məqbul hesab edilən 600-ə yaxın ideya qiymətləndirilmiş və ilk yerləri tutan ideya sahibləri müxtəlif mükafatlarla təltif olunmuşdur. Bundan başqa, fərqlənən ideyalar müvafiq tədbirlər planına daxil edilmiş və bunlardan 200-ə yaxını artıq reallaşdırılmışdır.
Şəxslərin “ASAN xidmət” mərkəzlərinə gəlmədən telefon, sosial şəbəkələr və onlayn əlaqə vasitəsilə mərkəzlərdə göstərilən bütün xidmət növləri və tələb edilən sənədlər barədə məlumat alması, növbə tutulması, mərkəzlərin fəaliyyəti ilə bağlı şikayət və təkliflərin verilməsi, müraciətlərin qəbulu, baxılması və operativ cavablandırılması, dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətini həyata keçirən “108” nömrəli “Çağrı” mərkəzi vasitəsilə 389.239 müraciət cavablandırılmışdır ki, bunlardan 303.715-i “108” qısa zəng (qaynar xətt), 59.443-ü sosial şəbəkələr, 23.872-i onlayn əlaqə, 2.209-u isə elektron poçt vasitəsi ilə qəbul edilmişdir.
8. Dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi və peşəkarlığının artırılması
Dövlət Agentliyinin kadr potensialının gücləndirilməsi məqsədilə görülmüş tədbirlər çərçivəsində keçirilmiş müsabiqələrin nəticələrinə görə 29 nəfər Dövlət Agentliyinə qulluğa qəbul olunaraq barələrində müvafiq təyinatlar aparılmışdır. Dövlət başçısının müvafiq fərmanları ilə il ərzində Agentliyin işçilərinin sayı 172 vahid artırılaraq 432 ştat vahidi təşkil etmişdir. Dövlət Agentliyində çalışan əməkdaşların 218-i kişi, 171-i qadınlardır, orta yaş həddi isə 28.5-dir. Bütövlükdə hesabat dövrü ərzində 137 vakant ştat vahidi komplektləşdirilmişdir. Rotasiya prinsipi ilə iş yeri dəyişdirilən işçilərin sayı 19 nəfər təşkil etmişdir. Agentliyin yüksək ixtisaslı və sağlam mənəviyyatlı kadrlarla komplektləşdirilməsi işi daim diqqət mərkəzində saxlanılır.
Dövlət Agentliyində əməkdaşların istifadəsi üçün hüquqi aktlar bazasının formalaşdırılması, əməkdaşların təlim ehtiyaclarının sistemləşdirilməsi, vətəndaş müraciətlərinin vahid sistem şəklində toplanması və cavablandırılması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin ölçülməsi ilə bağlı sorğu sisteminin yaradılması istiqamətində hesabat ilində davamlı işlər görülmüş və Dövlət Agentliyi 2014-cü il 19 fevral tarixində İSO 9001:2008 standartı üzrə beynəlxalq səviyyəli uyğunluq sertifikatına layiq görülmüşdür.
Ümumilikdə 2014-cü il ərzində təşkilat daxilində həyata keçirilən 362 təlimdə 5.454 nəfər iştirak etmişdir. “Etik davranış qaydaları, işgüzar etiket” mövzusunda - 60 təlim (1098 iştirakçı), “Stressin idarə olunması” mövzusunda – 55 təlim (1033 iştirakçı), “Münaqişəli halların idarə olunması” mövzusunda – 19 təlim (335 iştirakçı), “Vətəndaş məmnunluğunun təmin olunması prinsipləri və qaydaları” mövzusunda - 10 təlim (170 iştirakçı), “Səmərəli xidmətdə ünsiyyətin, kütlə psixologiyasının və sosial həssaslığın rolu” mövzusunda - 26 təlim (446 nəfər), “Vahid məlumatlandırma” mövzusunda – 61 təlim (707 iştirakçı), “Dinləmə və izahetmə bacarığı, səmərəli ünsiyyətin prinsipləri, ünsiyyət komponentlərinin təkmilləşdirilməsi” mövzusunda – 36 təlim (710 iştirakçı) keçirilmişdir.
Bu çərçivədə Dövlət Agentliyində qulluq keçən dövlət qulluqçularının xarici dil üzrə biliklərinin artırılması istiqamətində 58 əməkdaş xarici dil kursuna cəlb edilmişdir.
Dövlət Agentliyi tərəfindən insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, оnların daim dəyişən və yenilənən əmək şəraitinə uyğunlaşdırılması istiqamətində 2014-cü il ərzində aşağıdakı tədbirlər həyata keçirilmişdir:
- “ASAN xidmət” mərkəzinin 1 əməkdaşı Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasına magistratura pilləsində əlavə təhsil almaq üçün göndərilmişdir.
- Dövlət Agentliyinin 1 əməkdaşı Belçikaya psixologiya üzrə əlavə təhsil almağa göndərilmişdir;
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təşkil edilmiş “Gənclər siyasətinə dair təşkil olunmuş qısamüddətli ixtisasartırma kursu”nda “ASAN xidmət” mərkəzlərinin 2 əməkdaşı iştirak etmişdir;
- 2014-cü ilin 16 iyul-2 avqust tarixlərində Dövlət Agentliyinin 1 əməkdaşı Almaniyada “Alman hüququ” üzrə yay məktəbində iştirak etmişdir.
9. Etik davranış qaydalarının təkmilləşdirilməsi və maraqların toqquşmasının qarşısının alınması
Dövlət Agentliyində 2014-cü il üzrə “Etik davranış qaydaları, işgüzar etiket” mövzusunda, “Stressin idarə olunması” mövzusunda, “Münaqişəli halların idarə olunması” mövzusunda 134 təlim keçirilmiş və təlimlərdə 2466 əməkdaş və könüllü iştirak etmişdir. Etik davranış məsələləri ilə bağlı hazırlanmış illik hesabat aidiyyəti üzrə nəzarət orqanına təqdim edilmişdir.
2014-cü il ərzində “ASAN xidmət” mərkəzlərində həyata keçirilən nəzarət və müşahidə tədbirləri nəticəsində 2.201 nöqsan halı qeydə alınmışdır. Görülmüş ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsi olaraq 2013-cü illə müqayisədə nöqsan hallarının sayı 26%-dək azalmışdır.
Həmin nöqsan hallarından 62%-i (1.354 nöqsan halı) xidmətin keyfiyyəti (operativlik, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə əməl edilməməsi, qanuni tələblərin yerinə yetirilməməsi) və xidməti davranış qaydalarına (xidmət zamanı növbə və geyim qaydalarının pozulması, mərkəzin əməkdaşları ilə davranış qaydalarının pozulması, xidmətdən yayınma, xidmət zamanı mobil telefondan istifadə və s.) əməl edilməməsi, 35%-i (781 nöqsan halı) iş vaxtı rejiminə əməl edilməməsi (icazəsiz olaraq işə gəlməmə və işdən getmə, işə gecikmə), 3%-i (66 nöqsan halı) hüquqi aktların tələblərinə riayət olunmaması (əlavə sənəd tələb etmə, xidmət barədə tam, dolğun məlumat verməmə və s.) ilə bağlıdır.
Ümumilikdə mərkəzlərdə orqan əməkdaşları barəsində nəzarət və qiymətləndirmə qaydalarına uyğun olaraq 488 yazılı xəbərdarlıq (ümumi qeyd olunmuş nöqsan hallarının 22.1%-i), 236 bildiriş (ümumi qeyd olunmuş nöqsan hallarının 10.7%-i) tərtib olunmuşdur.
2014-cü ilin fevral ayından etibarən mərkəzlərdə müəyyən olunmuş qaydalar əsasında təşkil olunmuş nəzarətin nəticələrinə dair qiymətləndirmə aparılmışdır. Qiymətləndirmə mərkəzlər tərəfindən fərdi qaydada (hər bir əməkdaş üzrə) və xidmət üzrə aparılmışdır. Fərdi qaydada qiymətləndirmə zamanı dövlət orqanı əməkdaşının nümunəvi xidmətinin əks olunduğu hallar da nəzərə alınmışdır.
Hesabat ilində Dövlət Agentliyində dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına, əmək və icra intizamına əməl edilməsi, kollektiv dəyərlərə hörmət və ümumi maraqların təmin edilməsi münasibətlərini tənzimləyən “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin daxili nizam-intizam Qaydaları” təkmilləşdirilərək yenidən təsdiq edilmişdir.
Dövlət qulluqçusu tərəfindən il ərzində görülən işlərin effektivliyinin və keyfiyyətliliyinin, əmək funksiyalarının keyfiyyətlə yerinə yetirməsinin, onun gələcək inkişafının müəyyən edilməsi istiqamətində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları rəhbər tutularaq “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzinin əməkdaşlarının xidməti fəaliyyətinin keyfiyyətinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilmişdir.
27. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi
Hesabat ilinin 23 fevral tarixində Avropa Parlamentinin nümayəndələrinin iştirakı ilə Belçikanın Brüssel şəhərində keçirilmiş konfransda Dövlət Agentliyinin nümayəndəsi iştirak etmiş və korrupsiyaya qarşı unikal model kimi “ASAN xidmət” barədə müvafiq təqdimatla çıxış etmişdir.
Hesabat ilinin 26-27 iyun tarixlərində Albaniyanın Tirana şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dəstəyi ilə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin iştirakı ilə korrupsiya ilə mübarizəyə həsr edilmiş iclasda Dövlət Agentliyinin nümayəndəsi iştirak etmiş və “ASAN xidmət” barədə müvafiq təqdimatla çıxış etmişdir.
Tədbir haqqında UNDP tərəfindən hazırlanmış məlumatda “ASAN xidmət” uğurlu təcrübə qismində qeyd olunmuşdur.
Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən “Korrupsiyaya qarşı mübarizə: Beynəlxalq Standartlar və Milli Təcrübələr” mövzusunda 30 iyun tarixində keçirilmiş konfransda Dövlət Agentliyinin nümayəndələrinin iştirakı təmin olunmuşdur.
Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Dövlət Agentliyinin təşkilatçılığı ilə "İnsan hüquqları və qabaqcıl idarəçilik kontekstində dövlət xidmətlərinin göstərilməsi" mövzusunda 24-25 sentyabr tarixində Bakı şəhərində beynəlxalq konfrans keçirilmişdir.
Konfransa hazırlıq prosesində Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyi vasitəsilə Avropa Şurası çərçivəsində müvafiq təmimi məktub yayılmışdır. Konfransda iştiraka dair dəvət məktubları Avropa Şurasının üzv dövlətləri ilə yanaşı, BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin hazırkı sədri və üzvlərinə, dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübəyə malik olan ölkələrə, “vahid məkan” prinsipi üzrə fəaliyyət göstərən xarici dövlət orqanlarına, beynəlxalq təşkilatlara və onların Bakıdakı nümayəndəliklərinə, bir sıra yerli və xarici şirkətlər, araşdırma mərkəzləri, akademik dairələr və qeyri-hökumət təşkilatlarına göndərilmişdir. Tədbirdə xarici qonaqlarla birlikdə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları və Bakıda yerləşən digər yerli və xarici təşkilatlardan ümumilikdə 150 nəfərdən çox nümayəndənin iştirakı təmin edilmişdir. Həmçinin, konfransa həsr edilmiş xüsusi internet səhifəsi istifadəyə verilmişdir (www.vxsida.gov.az/international_conference2014).
Hesabat dövründə 30 sentyabr tarixində Dövlət Agentliyinin nümayəndəsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Paris şəhərində “Açıq Hökumət” mövzusunda təşkil etdiyi beynəlxalq forumda iştirak etmişdir. Dövlət Agentliyinin nümayəndəsi forumun dövlət xidmətlərinin göstərilməsinə həsr edilmiş sessiyasında çıxış edərək Azərbaycanda korrupsiya ilə mübarizəni özündə ehtiva edən tədbirlər qismində açıq hökumət və elektron hökumətin yaradılması istiqamətində görülmüş işlər və “ASAN xidmət”in təcrübəsi barədə ətraflı məlumat vermişdir.
28. Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə
2014-cü il ərzində mütəmadi olaraq Dövlət Agentliyinin fəaliyyəti ilə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərlə bağlı televiziya və radio proqramlarında çıxışlar edilmiş, “ASAN xidmət” mərkəzlərində korrupsiyaya qarşı mübarizə sahəsində atılan addımlar qeyd edilmişdir.
Dövlət Agentliyi tərəfindən dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmini məqsədi ilə təbliğat işi mütəmadi davam etdirilir. Bu istiqamətdə “ASAN xidmət”in Facebook (https://www.facebook.com/asanxidmat) sosial şəbəkəsindəki səhifəsində istər QHT nümayəndələrinin, istər digər vətəndaşlar üçün öz fikirlərini, sual, irad və təkliflərini ifadə etmək üçün şərait yaradılmışdır. Həmin səhifədə 2014-cü il üzrə 500-ə yaxın məlumat postu yerləşdirilmişdir. Bu postlara 25.000-ə yaxın şərh yazılmışdır. “ASAN xidmət”-in Twitter səhifəsində (https://twitter.com/asanxidmat) 950-ə yaxın tweet yerləşdirilmişdir. Bu tweetlərdən 350-dən çoxu foto və video informasiyadır. Səhifənin 2000-ə yaxın izləyicisi mövcuddur. “ASAN xidmət”-in İnstagram səhifəsində (http://instagram.com/asanxidmat) 500-ə yaxın post yerləşdirilmişdir. Ümumi izləyicilərin sayı 3200-ə yaxındır. İnstagram sosial şəbəkəsində #asanxidmet haştaqı ilə 1500-ə yaxın paylaşım edilmişdir. “ASAN xidmət”-in Youtube səhifəsindəki kanalında (https://www.youtube.com/user/asanxidmat) 450-ə yaxın izləyici var. Videolara ümumi baxış sayı 121 000-dən çoxdur. Yüklənmiş ümumi videoların sayı isə 450-ə yaxındır. Türkiyə, Rusiya, Almaniya, Estoniya, Böyük Britaniya, Çexiya, Danimarka və s. ölkələrdən baxış sayı üstünlük təşkil edir.
“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün
Milli Fəaliyyət Planı” üzrə:
1. İnformasiya əldə edilməsinin asanlaşdırılması
Vətəndaşların informasiya əldə etməsi üçün xidmət göstərən “Çağrı” mərkəzinin fəaliyyəti xüsusilə qeyd edilməlidir. Vətəndaşlar mərkəzlərə gəlmədən xidmətlər ilə bağlı informasiya əldə etmək, aldıqları xidmətlər ilə bağlı məmnunluqlarını, şikayətlərini və ya müşahidə etdikləri nöqsanları çatdırmaq üçün “Çağrı” mərkəzinə zəng edə bilərlər. 2014-cü il üzrə “Çağrı” mərkəzində 389.239 müraciət cavablandırılmışdır ki, bunlardan 303.715-i “108” qısa zəng (qaynar xətt), 59.443-ü sosial şəbəkələr, 23.872-si onlayn əlaqə, 2.209-u isə elektron poçt vasitəsi ilə qəbul edilmişdir.
Bununla yanaşı mərkəzlərdə quraşdırılmış xüsusi avadanlıq – Müraciət köşkləri vasitəsilə “Çağrı” mərkəzi ilə birbaşa əlaqə yaratmaq imkanı təmin edilmişdir. Vətəndaşların mərkəzlər və mərkəzlərdə göstərilən xidmətlər barəsində məlumatlandırılması üçün sosial şəbəkələrdən (Facebook, Twitter, İnstagram), göstərilən xidmətlərlə bağlı münasibətlərini öyrənməyə şərait yaradan “Exit poll” aparatlarından və yazılı şəkildə xidmətlərlə bağlı öz rəylərini bildirməsi üçün Şikayət kitabçalarından da geniş istifadə olunmuşdur.
2. Dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi
Dövlət Agentliyi öz fəaliyyəti barədə məlumatları mütəmadi olaraq rəsmi internet səhifələrində və o cümlədən sosial şəbəkələrdə yerləşdirmiş, öz fəaliyyəti barədə mətbuat konfransları və ictimaiyyətlə birbaşa ünsiyyət formasında aşağıdakı tədbirləri həyata keçirmişdir:
- 2014-cü ilin may ayından etibarən hər həftənin çərşənbə axşamı və cümə axşamı 107.7 fm dalğasında “ASAN xidmət” və AvtoFm-in birgə layihəsi olan “ ASAN cavab” verilişi start götürmüşdür. Verilişdə 2 saat ərzində vətəndaşların “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı bütün müraciətləri cavablandırılır.
- Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar olaraq AZTV və İTV-nin səhər verilişləri proqramında 2 ayda bir dəfə olmaqla xüsusi buraxışlar hazırlanmış və “ASAN xidmət”in nümayəndəsi həmin verilişlərdə iştirak etmişdir.
- “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə dair AZTV-nin “Günün Nəbzi”, “Həftə Sonu”, “Əsas məsələ”, ANS TV-in “Biznesmən”, “Hesab vaxtı”, İTV-nin “Diqqət mərkəzində”, ”Gənclik həyatı”, ATV-nin “ATV Aktual”, “İş həmişə var”, APA TV-nin “Sosium”, İnteraz TV-nin “7-ci gün”, Regional TV-lərin xəbər və ictimai-siyasi buraxılışlarında və s. verilişlərində mütəmadi olaraq xüsusi proqramlar hazırlanmışdır.
- Azərbaycan Respublikasının regionlarında və Bakı şəhəri üzrə, həmçinin, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar olaraq həyata keçirilən Səyyar “ASAN xidmət”in fəaliyyətinə dair KİV və ictimaiyyət nümayəndələri ilə mütəmadi qaydada görüşlər keçirilmiş və bu fəaliyyətin müfəssəl qaydada işıqlandırılması üçün zəruri tədbirlər təmin edilmişdir.
- “ASAN xidmət”in 1 illik fəaliyyəti, 1.000.000, 2.000.000 və 3.000.000- cu vətəndaşın mərkəzlərə müraciət etməsi, həyata keçirilmiş sosial aksiyalarla bağlı, yeni “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, əlavə edilmiş yeni xidmətlərin icrası, mərkəzlərin coğrafiyasının genişlənməsi və s. tədbirlərlə bağlı KİV nümayəndələrinə dolğun informasiyalar verilmiş, müsahibə, mətbuat konfransları və ictimaiyyət nümayəndələri ilə mütəmadi görüşlər keçirilmişdir.
- Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar olaraq məlumatlılığın artırılması istiqamətində Azərbaycan və İngilis dillərində 2 “ASAN jurnal”ı hazırlanaraq ictimaiyyətə təqdim olunmuşdur.
- “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans üçün “What is ASAN service”, 19 fevral tarixində Avropa Parlamentində keçirilən "İnnovasiya və Mobil İmza – Avropa ilə yeni rəqəmsal inteqrasiya vasitəsi kimi” mövzusunda beynəlxalq konfrans üçün “Azerbaijani new Brand-ASAN” və “ASAN 2.0 Konsepsiyası”, 4 saylı Bakı “ASAN xidmət” mərkəzi üçün 8 mövzuda maarifləndirici videoçarxlar hazırlanmışdır.
- 24-25 sentyabr tarixində Bakıda keçirilən “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans barədə daha müfəssəl məlumatlılığın təmin edilməsi məqsədi ilə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAC) rəsmi internet səhifəsində konfransın canlı yayımı və “ASAN xidmət”-in rəsmi twitter səhifəsində tweet-attack təşkil olunmuşdur.
8. Dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi
2014-cü il üzrə Dövlət Agentliyinin ictimai əhəmiyyət kəsb edən layihələrinin hazırlanması prosesinə vətəndaş cəmiyyəti nümayəndələri cəlb edilmiş və ictimai dinləmələr həyata keçirilmişdir.
Dövlət Agentliyinin və tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar, müxtəlif sosial məsuliyyət yönümlü aksiyalar, tədbirlər tərəfdaş qurumlarla birgə keçirilmişdir. Keçirilən sosial məsuliyyət yönümlü aksiyalara müxtəlif qeyri hökumət təşkilatları, o cümlədən, gənclər təşkilatları cəlb olunmuşdur. Qeyd edilən tədbirlər aşağıdakılardır:
- 5 fevral - IDEA (Ətraf mühitin mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, “ASAN xidmət” və ”Təmiz Şəhər” ASC ilə birgə həyata keçirilən “Hər kağızı bir yarpağa dəyişək” layihəsi;
- 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş "ASAN xidmət" və "FENCİNG" İdman Klubu arasında Qılıncoynatma idmanının Rapira növü üzrə komanda yarışı;
- 7 mart - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində “ASAN xidmət” mərkəzi tərəfindən qadın məhkumlara şəxsiyyət vəsiqələrinin verilməsi;
- 18 mart - Gözdən əlil şəxslərə Səyyar “ASAN xidmət” vasitəsilə ümumvətəndaş pasportlarının verilməsi;
- 7 - 8 Aprel – Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar, "ASAN xidmət" və "Sağlam Ailə" Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə şəxsiyyət vəsiqəsi almaq üçün 1, 2, 3 saylı Bakı və Sumqayıt "ASAN xidmət" mərkəzlərinə müraciət edən gənclərə "Sağlam Ailə" Tibb Mərkəzindən pulsuz müayinə kuponlarının təqdim olunması;
- 20 iyun - Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə Qarabağ müharibəsi veteranlarına Səyyar “ASAN xidmət” vasitəsilə yeni ümumvətəndaş pasportlarının verilməsi;
- YARAT Müasir İncəsənət Məkanının rəssamları tərəfindən hazırlanmış xüsusi kompozisiyaların “ASAN xidmət” mərkəzlərində mütəmadi qaydada yerləşdirilməsi;
- “ASAN xidmət” mərkəzləri və YARAT Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə “Sağlam ol və YARAT! “ Qaçış turniri;
- Vətənpərvərliyin, hərbi xidmətin gənc çağırışçılar arasında təşviq edilməsi məqsədi ilə ASAN Könüllüləri Gənclər Təşkilatı və Azərbaycan Respublikası Peyntbol Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə və Silahlı Qüvvələrin yaradılmasının 96 illiyinə həsr olunmuş “Qarabağ” Peyntbol Turniri;
- “Əsrin müqaviləsi” sazişinin bağlanmasının 20-ci ildönümü və “Neftçilər günü” münasibəti ilə “ASAN xidmət”, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birgə təşkilatçılığı ilə təşkil olunmuş tədbirdə bir qrup neftçiyə və onların ailə üzvlərinə Səyyar “ASAN xidmət” vasitəsi ilə şəxsiyyət vəsiqələrinin və yeni ümumvətəndaş pasportlarının təqdim olunması;
- BMT-nin İctimai İnformasiya Departamenti, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Qız Uşaqları Gününə həsr edilmiş dəyirmi masa;
- 13 noyabr - Beynəlxalq Gözdən Əlillər günündə gözdən əlil şəxslərin xidmətlərimizdən rahatlıqla yararlanmaları məqsədi ilə Brayl Əlifbalı Məlumat kitabçasının tərtib edilməsi.
9. Elektron xidmətlərin təkmilləşdirilməsi
Hesabat ili ərzində elektron xidmətlərin təşkilinin və göstərilməsinin qiymətləndirilməsi tədbirləri çərçivəsində 42 dövlət orqanı tərəfindən həyata keçirilən 441 elektron xidmət qiymətləndirilmişdir. Bu zaman hər bir xidmət “Elektronlaşma və əlaqəlilik səviyyəsi”, “İnformasiya açıqlığı və əldəolunma (giriş) səviyyəsi” və “İstifadə rahatlığı səviyyəsi” meyarları üzrə təhlil edilmişdir. Elektron xidmətlərin təşkili və həyata keçirilməsi ilə bağlı mövcud vəziyyətə dair hər bir dövlət orqanı üzrə rəy hazırlanmış, müvafiq çatışmazlıqlar qeyd olunmuş və hər bir orqana çatışmazlıqların aradan qaldırılması və xidmətlərin daha keyfiyyətli təşkili ilə bağlı təkliflər verilmişdir.
Hazırda qiymətləndirmənin həyata keçirilməsi üçün hazırlanmış xüsusi proqram təminatının təkmilləşdirilməsi və 2015-ci ildə qiymətləndirmənin proqram təminatı üzərindən aparılması üçün tədbirlər görülür.
İnformasiya sistemləri, informasiya ehtiyatları və elektron xidmətlərlə bağlı dövlət orqanları tərəfindən təqdim olunan layihələrə (təkliflərə) səmərəlilik baxımından rəy verilməsi mütəmadi olaraq təmin edilmişdir. Elektron xidmətin həyata keçirilməsinin inzibati prosedurunun müəyyənləşdirilməsi ilə bağlı dövlət orqanlarından daxil olmuş 62 inzibati reqlamentə baxılmış və rəy verilmişdir. Eyni zamanda Mədəniyyət və Turizm Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 19 xidmətin elektronlaşması ilə bağlı daxil olmuş layihələrə baxılmışdır. Hazırda xidmətlərin elektronlaşmasını təmin edəcək sistemin daha səmərəli və optimal təşkili ilə bağlı həmin dövlət orqanları ilə birlikdə fəaliyyət davam etdirilir.
Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar mərkəzi” tərəfindən Azərbaycan Dillər Universitetində yaradılan giriş-çıxış sistemindən, elektron kitabxana və yeməkxanadan istifadəni təmin edən vahid elektron kart sisteminin üstünlüyündən hazırda 3000 tələbə və müəllim heyəti yararlanır.
Eyni qurum tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qəbul otağında vətəndaşların qəbulu işinin təkmilləşdirilməsi və elektronlaşdırılması məqsədilə elektron növbə sistemi qurulmuşdur.
Elektron xidmətlərin dairəsinin genişləndirilməsi istiqamətində cəmiyyətdə aktual xidmətlər araşdırılmış, bəzi dövlət orqanları (Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi) ilə danışıqlar aparılmışdır. Müzakirələrin nəticəsində Daxili İşlər Nazirliyi üzrə 2 elektron xidmətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na əlavə edilməsinə nail olunmuşdur. Həmçinin digər 2 dövlət orqanı üzrə 4 növ elektron xidmətin qeyd edilən qərara daxil olunması üçün razılıq əldə edilmişdir.
2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarında qeyd edilən bir çox tapşırıqların icrası istiqamətində intensiv işlər həyata keçirilmişdir.
Ölkə başçısının 2014-cü il 11 fevral tarixli Fərmanına əsasən “ASAN ödəniş” sisteminin yaradılması ilə bağlı Dövlət Agentliyi tərəfindən sistemin texniki infrastrukturu qurulmuş, proqram təminatı hazırlanmış, ASAN ödəniş terminalları mərkəzlərdə quraşdırılmış, “ASAN ödəniş” sistemi haqqında Əsasnamə” və müvafiq fərman layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
Qeyd edilir ki, “ASAN ödəniş” sistemi inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların, protokolların və xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin vətəndaşların elektron ünvanlarına, mobil telefon nömrələrinə elektron qaydada (qısa mesaj - SMS vasitəsilə) göndərilməsini, inzibati xəta haqqında protokoldan verilmiş vəsatətin və ya inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətin göndərilməsini, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların icra müddətlərinə nəzarət edilməsini, müddətlərin bitməsi barədə vətəndaşların məlumatlandırılmasını, inzibati cərimələrin və məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin və digər ödənişlərin xüsusi ödəmə terminalları, mobil telefon aparatları və internet vasitəsilə elektron qaydada ödənilməsinin təmin edilməsini nəzərdə tutur.
“ASAN ödəniş” sisteminin tərkib hissəsi olan www.asanpay.az portalında istifadəçilərə yeni imkanların təqdim edilməsi nəzərdə tutulur. Gələcəkdə ödəniş vasitələri genişləndirilərək “Elektron pul cüzdanı” və “İnternet/mobil bankçılıq” xidmətlərinin istifadəyə verilməsi də nəzərdə tutulur. Hazırda sistemin üzərində müvafiq sınaqlar keçirilir və pilot layihə çərçivəsində quraşdırılan terminallar 1 saylı “ASAN xidmət” mərkəzində istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il 13 fevral tarixli Sərəncamında verilən tapşırıqlarla bağlı digər dövlət orqanları ilə birlikdə müvafiq tədbirlər görülmüş, işçi qrupu yaradılmış, “Elektron məhkəmə” konsepsiyası hazırlanmış, habelə bununla bağlı müxtəlif qanun və qərar layihələrinin hazırlanması ilə əlaqədar rəy və təkliflər verilmişdir.
“Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 3 mart tarixli Fərmanın icrası ilə əlaqədar hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (fərdi sahibkarların) “bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin azaldılması, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə, həmçinin kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsinə dair bir çox normativ hüquqi aktların layihələrinə rəy və təkliflər verilmişdir.
"Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında" Respublika Prezidentinin 2014-cü il 11 sentyabr tarixli Fərmanına əsasən dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərlə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarından təqdim olunan məlumatların daxil edildiyi Elektron Reyestrin proqram təminatı yaradılmış, habelə Elektron Reyestrin aparılması qaydaları hazırlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 oktyabr tarixli Fərmanı ilə Dövlət Agentliyinin üzərinə düşən vəzifələrin icrasi ilə bağlı zəruri tədbirlər görülmüş, beynəlxalq təcrübə araşdırılaraq əmək müqaviləsi bildirişləri sisteminin yoxlanılması kriteriyaları hazırlanmışdır. Hazırda əmək müqaviləsi bildirişləri sisteminin yoxlanılması ilə bağlı işlər davam etdirilir, həmçinin dövlət orqanlarının elektron informasiya sistemlərinin və ehtiyatlarının yoxlanılmasına dair Qaydalar hazırlanır.
Elektron xidmətlərin baza sistemlərinin təkmilləşdirilməsi, dövlət orqanlarının sistemləri və ehtiyatları arasında inteqrasiyanın təmin olunması çərçivəsində yeni doğulmuş uşaqlara FİN-lərin verilməsi ləyihəsi hazırlanmışdır. Sistemin yaradılmasında məqsəd doğum evlərində yeni doğulmuş körpələrə dərhal FİN-lərin verilməsi və sonradan həmin FİN-lərin identifikasiya üçün istifadə edilməsidir. Bunun üçün Səhiyyə Nazirliyinin müvafiq sistemindən Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestrinə servislər vasitəsilə müraciət olunur və yeni doğulmuş körpəyə FİN verilir.
Dövlət xidmətlərinin inteqrasiyasının təmin edilməsi üçün “ASAN 2.0 konsepsiyası” hazırlanmışdır. Qeyd edilən konsepsiya mövcud “ASAN xidmət” konsepsiyasının elektron (virtual məkana və ya elektron formaya) məkana keçirilməsini, mərkəzlərdə göstərilən xidmətlərin elektronlaşdırılması və inteqrasiyasını, vətəndaşların mərkəzlərə getmədən xidmətlərə müraciət etmə imkanının təmin edilməsini, vətəndaşlarla dövlət orqanları arasında olan münasibətlərin mərhələli şəkildə elektron mühitə keçirilməsini ehtiva edir.
“ASAN 2.0 konsepsiyası” əsasında elektron formada göstərilən xidmətlərin təqdim edilməsi üçün kommunikasiya vasitələri kimi xidmət terminallarından, xüsusi elektron portaldan, mobil proqramlardan və digər texnoloji yeniliklərdən istifadə olunması nəzərdə tutulur. Xidmətlərin təşkili, göstərilməsi və nəzarətin təşkili hazırda “ASAN xidmət” mərkəzlərində tətbiq edilən nəzarət mexaniziminə uyğun olaraq həyata keçiriləcəkdir. Belə ki, hazırkı nəzarət və idarəetmə forması artıq özünü doğrultmuşdur və beləliklə onun fiziki məkandan elektron məkana uğurlu keçidini təmin etmək mümkün olacaqdır. Hazırda konsepsiyanın tətbiq olunması istiqamətində işlər aparılır.
E-Arxiv sisteminin qurulması istiqamətində konsepsiya hazırlanmış, bu sahədə təcrübəli təşkilat ilə danışıqlar aparılmış və layihə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilmişdir. Eyni zamanda Maliyyə Nazirliyinə konsepsiyanın maliyyə vəsaiti tutumuna dair layihə göndərilmişdir.
10. Açıq hökumətin təşviqi üçün görülən tədbirlərlə bağlı maarifləndirmənin və əməkdaşlığın həyata keçirilməsi
Maarifləndirici materialların nəşri və əhali arasında ödənişsiz paylanması məqsədilə Dövlət Agentliyinin fəaliyyəti və “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər, onlara dair rüsumlar haqqında məlumatı əks etdirən jurnallar, bukletler və digər çap məhsulları mütəmadi olaraq çap etdirilir və mərkəzlərdə yerləşdirilir.