Ülvi Ramiz oğlu Mehdiyev 1985-ci il yanvarın 30-da Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistratura pilləsini bitirib.
Həmçinin ABŞ-ın Duke Universitetinin Adaptiv strateji idarəetmə ixtisasının magistr proqramı üzrə təhsil alıb.
2005-2006-cı illərdə hərbi xidmət keçib.
2006-2009-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin məsləhətçisi, aparıcı məsləhətçisi vəzifələrində çalışıb.
Ü.Mehdiyev 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində işləyib.
2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib.
İngilis, rus dillərini bilir.
Ailəlidir, 3 övladı var.