Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Uqanda Prezidenti “ASAN xidmət”in nümayəndə heyətini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Uqanda Respublikasında səfərdədir.

Səfər çərçivəsində Uqanda Respublikasının Prezidenti Yoveri Kaquta Museveni nümayəndə heyətini qəbul edib.

Ülvi Mehdiyev Uqandanın Prezidentinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. 

Dövlət Agentliyinin sədri Qoşulmama Hərəkatına (QH) sədrliyimiz çərçivəsində Azərbaycan Respublikası tərəfindən irəli sürülən təşəbbüslərə fəal dəstək göstərdiyinə görə Uqanda tərəfinə təşəkkür edib və Azərbaycan tərəfindən də Uqandanın Hərəkata sədrliyinə troyka üzvü kimi yaxından dəstək göstəriləcəyini qeyd edib. 

Görüş zamanı Dövlət Agentliyinin sədri 11 il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə dövlət idarəçiliyi sahəsində genişmiqyaslı islahatların tərkib hissəsi kimi yaradılan “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, dövlət xidmətlərinin göstərilməsi sahəsində tətbiq olunan innovasiyalar, mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi (ESD) sistemi barədə məlumat verib, “ASAN xidmət” konsepsiyasını Prezident Museveniyə təqdim edib. 

Uqanda Prezidenti salamlara görə minnətdarlığını bildirib, öz növbəsində onun da salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib. “ASAN xidmət” konsepsiyasının Uqanda Respublikasında tətbiqinin önəmini vurğulayaraq bu istiqamətdə göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Həmçinin öz ölkəsində  “ASAN xidmət”in ESD sisteminə keçidə başlanılması ilə bağlı müvafiq tapşırıq verib.  

Sonda Uqanda Respublikasının Prezidentinə “ABAD”çı ailəsi tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim edilib.

Nümayəndə heyətinin Uqanda Respublikasına səfəri davam edir. Səfər çərçivəsində Uqandanın Hoima şəhərində “ASAN xidmət” konsepsiyası əsasında yaradılan Xidmət Mərkəzinin açılışı planlaşdırılır.


Tarix: 26-07-2023 11:15