Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət”-in Böyük Britaniyada təqdimatı keçirilib


9 iyul 2014-cü il tarixində Böyük Britaniya Parlamentində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin iştirakı ilə parlament üzvü Bob Blekmanın, “Total Politics” jurnalı və Azərbaycan Avropa Cəmiyyətinin(TEAS) təşəbbüsü ilə “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təqdimatına həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Kristofer Pinçer bu yaxınlarda Azərbaycana səfəri zamanı Bakıda “ASAN xidmət” mərkəzində olduğunu və bu modelin onun üçün ciddi maraq doğurduğunu diqqətə çatdırıb.

Daha sonra nümayəndə heyəti Westminister Şəhər Şurası (yerli özünüidarəetmə orqanı) ilə tanış olub, elektron hökumət xidmətləri ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

Böyük Britaniya parlamentarilərinin, yerli ekspertlərin və digər qonaqların iştirak etdiyi hər iki görüş yüksək rəğbətlə qarşılanıb, “ASAN xidmət” modelinin qabaqcıl tərcübə qismində dünya ölkələrində, o cümlədən Böyük Britaniyada tətbiqinin əhəmiyyəti vurğulanıb.

Foto: “ASAN xidmət”-in Böyük Britaniyada təqdimatı keçirilib


Tarix: 10-07-2014 17:35