“ASAN xidmət”in nümayəndə heyəti beynəlxalq seminarda
6-10 fevral 2023-cü il tarixində Fransada Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) və Avropa İttifaqının “SlGMA” proqramı çərçivəsində seminar təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti ölkəmizin “ASAN xidmət” təcrübəsinin paylaşılması məqsədilə seminarda iştirak edib.
“Vətəndaş yönümlü xidmətlərin dizaynı və göstərilməsi” mövzusundakı seminarda Azərbaycanın, Ukraynanın, Gürcüstanın, Moldovanın nümayəndələri iştirak ediblər. İştirakçılar dövlət xidmətlərinin göstərilməsi, sosial innovasiyaların tətbiqi və qabaqcıl təcrübələrin paylaşılması istiqamətində görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Seminarda “ASAN xidmət”in fəaliyyət istiqamətləri üzrə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, bu günədək 60 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb, “ASAN xidmət” 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb. Həmçinin Dövlət Agentliyinin qeyd olunan sahələrdə təcrübəsini öyrənmək məqsədilə “ASAN xidmət” mərkəzlərinə səfərlərin təşkilinə dair, eləcə də “ASAN xidmət indeksi”nin və “ASAN müraciət” sisteminin digər ölkələrdə tətbiqi ilə əlaqədar geniş müzakirələr aparılıb.