Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu baş tutub
Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu baş tutub.
Tədbir Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in təşkilati dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 5-19 dekabr tarixində keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində baş tutub.
Forumda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev də çıxış edib.
Ülvi Mehdiyev Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən gənclər siyasəti çərçivəsində dövlət qurumlarında könüllülük fəaliyyətinin tətbiqi və təşviqindən söz açıb. Diqqətə çatdırılıb ki, könülüllük bir hərəkat olaraq “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən başlayıb və bu çərçivədə gənclərin təcrübə toplamaları istiqamətində ASAN könüllüləri 5000-dən çox təlim proqramı, 800-dən çox yerli və beynəlxalq layihə reallaşdırılıb.
Forumda Azərbaycan könüllüləri adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb. Eyni zamanda 100 Azərbaycan könüllüsü il ərzindəki fəal təşəbbüslərinə görə mükafatlandırılıb.