Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN Könüllüləri” Təşkilatının 10 yaşı qeyd edilib


19 dekabr 2023-cü il tarixində “ASAN Könüllüləri” Təşkilatının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə “Könüldən 10 il!” adlı yubiley tədbiri baş tutub.

Öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

ASAN könüllülərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti ünvanlanıb.

 Rəsmilər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti çərçivəsində könüllülük fəaliyyətinin bir hərəkat kimi geniş vüsət aldığını, bu istiqamətdəki tədbirlərin müstəsna əhəmiyyətini vurğulayıblar. Diqqətə çatdırılıb ki, ASAN könüllülərinin 10 il öncə yaratdıqları təşkilat tərəfindən reallaşdırılan tədbirlər on minlərlə gəncin şəxsi inkişafının dəstəklənməsinə, peşəkarlıq bacarıqlarının və karyera imkanlarının genişləndirilməsinə əvəzsiz töhfələr verib.

 Eyni zamanda uğur qazanmış ASAN könüllüləri çıxış ediblər. Təşkilatın fəaliyyətinə dair hesabat xarakterli müxtəlif videoçarxlar yayımlanıb, sərginin və “Mədəniyyət Carçısı” proqramı tərəfindən  hazırlanan kompozisiyaların, musiqi çıxışlarının da nümayişi baş tutub. 

Təşkilatın 10 illik fəaliyyəti müddətində sədr kimi çalışmış şəxslər təltif ediliblər.

Tədbir çərçivəsində “bp-Azərbaycan” şirkəti və “ASAN Könüllüləri” Təşkilatı tərəfindən reallaşdırılacaq “ASAN İnkişaf Proqramı” elan edilib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş proqram ASAN könüllülərinin şəxsi inkişaflarına, onların beynəlxalq sertifikatlar əldə etmələrinə dəstək olmağı hədəfəyir.

“Könüldən 10 il!” yubiley tədbiri musiqili proqramla başa çatıb.

Xatırladaq ki, könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 35.000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 5500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə keçirilib və 3300-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub. Onlardan 1000-ə yaxını “ASAN xidmət” mərkəzlərində çalışır.


Tarix: 20-12-2023 14:49