Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət” İndoneziya hökuməti ilə birgə forum təşkil etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin İndoneziyaya səfəri çərçivəsində “Bilik Mübadiləsi Forumu” keçirilib. 

İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyinin təşkilatçılığı ilə baş tutan forumda ölkənin 38 vilayətinin və müxtəlif şəhərlərinin rəhbər şəxsləri olmaqla ümumilikdə 200-dən çox nümayəndə iştirak edib. 

Tədbirin açılışında Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizlə İndoneziya arasındakı mövcud xoş münasibətlərə toxunub. Dövlət Agentliyinin sədri xidmətlərin effektivliyinin artırılması və vətəndaş məmnunluğuna nail olunması istiqamətində İndoneziyada “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərən mərkəzlərin önəmini qeyd edib.  O, bundan sonra da yeni mərkəzlərin yaradılmasında İndoneziyanın şəhər və vilayətlərinə dəstəyə hazır olduğunu qeyd edib.

Sonra Dövlət Agentliyinin nümayəndəsi tərəfindən “ASAN xidmət” konsepsiyası və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə geniş təqdimat edilib.

“ASAN xidmət” təcrübəsinin ixracı ilə bağlı 20-dən çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığını qeyd edən Dövlət Agentliyinin nümayəndəsi hazırda Azərbaycan modelinin İndoneziyada uğurla tətbiq olunduğunu diqqətə çatdırıb. 

Forum çərçivəsində İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyinin və Banyuvangi vilayətinin nümayəndələri də çıxış ediblər.


Tarix: 04-07-2024 10:45