Dövlət Agentliyi Sinqapurda keçirilən “Dövlət sektorunda innovasiya və dəyişiklərinin idarəedilməsi” təlimində təmsil olunub
18-22 may 2015-ci il tarixində Sinqapurda “Dövlət sektorunda innovasiya və dəyişikliklərinin idarəedilməsi” mövzusunda təlim kursu keçirilib. Təlim Sinqapur Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Sinqapur Əməkdaşlıq Proqramı çərçivəsində Sinqapurun Dövlət Qulluğu Məktəbində təşkil edilib.
34 dövləti təmsilən 35 nümayəndənin qatıldığı təlimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron xidmətlərin inkişafi və sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov da iştirak edib.
Təlimin keçirilməsində məqsəd dövlət qurumlarında innovasiyaların və dəyişikliklərin təşviqi, innovativ dövlət idarəetməsi üçün insan kapitalının formalaşdırılması və inkişaf etdirilməsi, dövlət sektorunda vətəndaş əsaslı innovasiya kimi sahələrdə Sinqapur tərcübəsini iştirakçıların diqqətinə çatdırmaq olub.
Təlim çərçivəsində tanınmış ekspertlər və şirkət rəhbərləri ilə yanaşı iştirakçı dövlətlərin nümayəndələri də təqdimatlar ediblər. Belə ki, Azərbaycanın dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübəsi “ASAN xidmət” modeli haqqında iştirakçılara məlumat verilib, Azərbaycana, “ASAN xidmət”ə və eyni zamanda Bakı 2015 Avropa Oyunlarına dair qısa videoçarx nümayiş etdirilib.
Təlim rəsmi təltifetmə mərasimi ilə yekunlaşıb.