Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Yasamal "ASAN xidmət" mərkəzinin açılış mərasimi


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzi açılmışdır

Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak etmişdir.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov mərkəzdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verdi ki, burada tətbiq edilən yeniliklərdən biri “Exit poll” rəy sorğusunun fəaliyyət göstərməsidir. Bu, vətəndaşların göstərilən xidmətlərlə bağlı münasibətlərini öyrənməyə imkan verir. Bu yenilik həm də göstərilən xidmətlərin keyfiyyətini araşdırır. Sorğunun nəticələri müəyyən məsələlər üzrə lazımi tədbirlərin görülməsinə imkan yaradır.

Bildirildi ki, “ASAN xidmət” yaradıcılığa dəstəklə bağlı müxtəlif sosial aksiyalar keçirməsi ilə də tanınır. Mərkəzdə “YARAT” müasir incəsənət məkanının guşəsi də qurulmuşdur.

Dövlətimizin başçısına mərkəzdə tətbiq edilən daha bir yenilik - elektron müraciət köşkü barədə məlumat verildi. Vətəndaşlar mərkəzdən “108 Çağrı” mərkəzinə zəng edərək, canlı videobağlantı vasitəsilə xidmətdən yararlanıb razılıqlarını, təkliflərini, müraciətlərini bildirmək imkanı qazanırlar.

Qeyd edildi ki, “Çağrı” mərkəzi vasitəsilə vətəndaşlar mərkəzə gəlmədən internet və ya telefonla bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala və növbə tuta bilərlər. Mərkəzdə şəffaflığın təmin edilməsi məqsədi ilə xidmət proseduru videokamera ilə fasiləsiz qeydiyyata alınacaqdır. Xidmət sistemi müasir İP telefon və İP şəbəkə sistemi ilə təmin edilmişdir. Xidmətlərin tənzimlənməsi məqsədi ilə elektron monitor və elektron elan tabloları qurulmuşdur. Mərkəzdə videomüşahidə kameraları və rüsumların məbləğlərini əks etdirən tablo quraşdırılmışdır.

Dövlətimizin başçısı “ASAN xidmət” mərkəzlərinin fəaliyyət dairəsini əks etdirən xəritəyə baxdı. Bakı şəhər 1 saylı “ASAN xidmət” mərkəzi paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan vətəndaşlara, Sumqayıt “ASAN xidmət” mərkəzi bu şəhərin sakinlərinə, eyni zamanda, Abşeron, Siyəzən, Şabran və Xızı rayonlarının sakinlərinə, Bakı şəhər 2 saylı  “ASAN xidmət” mərkəzi Xətai, Nizami və Suraxanı rayonlarının sakinlərinə xidmət göstərir. Artıq fəaliyyətə hazır olan Bakı şəhər 3 saylı “ASAN” xidmət mərkəzi isə Yasamal, Səbail və Qaradağ rayonlarının sakinlərinin xidmətində olacaqdır. 

Məlumat verildi ki, Bakı şəhər 3 saylı “ASAN xidmət” mərkəzində “Biometrik məlumatların toplanması sistemi” də yaradılmışdır. Sistem biometrik şəkillərin çəkilməsi, barmaq izlərinin götürülməsi, elektron imza və digər xüsusiyyətlərə malikdir. Digərlərində olduğu kimi, bu mərkəzdə də uşaqlar üçün ayrıca oyun guşəsi yaradılmışdır.

Dövlətimizin başçısı mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.


Tarix: 16-09-2013 17:48