Please ensure Javascript is enabled for purposes of website accessibility

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın Dövlət Agentliyində 2016-cı ildə icrası üzrə HESABAT

İcra müddəti

Tədbirin adı Qiymətləndirmə
İndikatoru
İcra müddəti Görülmüş işlərlə bağlı məlumat

 

1. Elektron xidmətlərin təkmilləşdirilməsi

1.1.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın təkmilləşdirilməsi, siyahıda olan, lakin tam fəaliyyət göstərməyən xidmətlərin fəaliyyətinin təmin edilməsi və “Elektron hökumət”portalına yeni xidmətlərin inteqrasiya edilməsi

 

Elektron xidmət növlərinin siyahısında olan təkmilləşdirmələr, portalda fəaliyyəti təmin edilən və yeni inteqrasiya edilən elektron xidmətlər və onların sayı

2016-2018

“Elektron xidmət növlərinin Siyahısı”na daxil edilmiş xidmətlər üzrə Dövlət Agentliyi tərəfindən aparılan qiymətləndirmə 2016-cı ildə də davam etdirilmişdir. Hesabat ili ərzində 34 mərkəzi icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilən 444 elektron xidmət qiymətləndirilmişdir.
Aparılmış qiymətləndirmələr çərçivəsində ilkin olaraq dövlət orqanlarının rəsmi internet informasiya ehtiyatlarında olan “Elektron xidmətlər” bölməsi və “Elektron hökumət” portalında həmin orqanlara aid olan bölmələr üzərindən elektron xidmətlərin göstərilmə vəziyyəti barədə məlumatlar toplanılmış, sonra isə elektron xidmətlərin keyfiyyətli və davamlı göstərilməsi üçün zəruri olan texniki imkanların öyrənilməsi məqsədilə yerində baxış həyata keçirilmişdir.
Qiymətləndirmə çərçivəsində hər bir dövlət orqanı tərəfindən həyata keçirilən elektron xidmətlər İşçi qrupu tərəfindən təhlil olunmuş, “Elektronlaşma və əlaqəlilik səviyyəsi”, “İnformasiya açıqlığı və əldəolunma (giriş) səviyyəsi”, “İstifadə rahatlılığı səviyyəsi” meyarları üzrə qiymətləndirmələr aparılmışdır.
Qiymətləndirmə zamanı elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı mövcud vəziyyət öyrənilmiş, hazırlanmış Arayışlarda çatışmazlıqlar qeyd olunmuş və hər bir orqana çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər verilmişdir. 
Hesabat ilində Dövlət Agentliyi tərəfindən elektron xidmətlərlə bağlı dövlət orqanları tərəfindən təqdim olunan 31 yeni xidmətin yaradılması, 10 xidmətin adının dəyişdirilməsi və 6 xidmətin ləğv edilməsi ilə bağlı layihələrə, onların texniki və səmərəliliyi baxımından məqsədəuyğunluğu barədə rəy verilmişdir.

1.3.

"Elektron hökumət" portalının imkanları və istifadəsi ilə bağlı vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirlərinin və təqdimatlarının keçirilməsi

 

Keçirilmiş ictimai maarifləndirmə tədbirləri və təqdimatlar

2016-2018

Hesabat ilində "Elektron hökumət" portalının imkanları və istifadəsi ilə bağlı vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirlərinin və təqdimatlarının keçirilməsi istiqamətində AzTV və İTV kanallarının səhər verilişləri proqramında ayda 1 dəfə olmaqla xüsusi buraxılışlar hazırlanmış və Dövlət Agentliyinin nümayəndəsi həmin verilişlərdə iştirak edmişdir. 
Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar olaraq məlumatlılığın artırılması üçün azərbaycan və ingilis dilində çap edilən “ASAN jurnal”ın 2016-cı il nəşrlərində elektron xidmətlər, təqdim edilmə yerləri ilə bağlı informasiya verilmişdir.
Hesabat dövründə ASAN radionun efirində həftədə bir dəfə efirə gedən 1 saatlıq “Texnovasiya” verlişi təşkil edilmişdir. Verilişdə “Elektron xidmətlər”, “Elektron hökumət həlləri”, “Sosial innovasiyalar”, “İnformasiya və kommunikasiya texnologiyaları” və digər sahələrdə dinləyicilərin məlumatlandırılması həyata keçirilir. 
Verilişin məqsədi bu sahədə ölkədə və dünyada olan vəziyyəti işıqlandırmaq, vətəndaşların elektron xidmətlər sahəsində savadlılığını artırmaq, elektron xidmətləri təşviq etmək, sosial innovasiyaları və görülən işləri qabardaraq bu sahəyə diqqəti artırmaqdır. Verilişdə “Elektron xidmətlərin təşkili”, “Dövlət Xidmətləri Reyestri”, “Texnologiyaların sosial sahələrə tətbiqi”, “Fərdi məlumatların qorunması” və s. kimi mövzular işıqlandırılmışdır.
“Texnovasiya” verlişində Dövlət İmtahan Mərkəzi, Vergilər Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti kimi dövlət orqanlarının təqdim etdiyi elektron xidmətlər barədə məlumatlar verilmiş, həmin orqanların nümayəndələri canlı efirdə vətəndaşların suallarının cavablandırmışdırlar. 
Eyni zamanda texnoloji yeniliklər və dünyada bu barədə gedən proseslərə həsr edilmiş “Sosial şəbəkələr”, “Big DATA”, “Mobil tətbiqlər” kimi mövzular işıqlandırılmışdır. Dövlət Agentliyinin bu sahədə gördüyü işlərdən “İdeya Bankı”, “Statistika portalı”, “ASAN WiFi” kimi mövzularda verilişlər hazırlanmışdır. Bu verilişlərdə Dövlət Agentliyinin məsul əməkdaşları və sahəvi ekspertlər qonaq kimi iştirak etmişdir.

1.4.

Elektron xidmətlərin tətbiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin edilməsi

 

Asanlaşan prosedurlar və həyata keçirilmiş tədbirlərlə bağlı məlumatlar

2016-2017

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 may tarixli 260s nömrəli Sərəncamının 3-cü hissəsinə əsasən Milli Fəaliyyət Planının 1.4-cü bəndində nəzərdə tutulmuş elektron xidmətlərin tətbiqi ilə əlaqədar tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin olunması ilə bağlı razılaşdırılmış təkliflərin verilməsi Dövlət Agentliyinə həvalə edilmişdir. Dövlət Agentliyi tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarından toplanılmış təkliflər təhlil edilmiş, ilkin mərhələdə həyata keçirilməsi məqsədəmüvafiq hesab edilən təkliflər aidiyyəti dövlət orqanları ilə razılaşdırılmışdır. Təklif informasiya sistemlərinə inteqrasiya nəticəsində dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılması məsələlərini ehtiva edir. Qeyd edilən təkliflər, həmçinin tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin olunması ilə bağlı normativ hüquqi aktlarda müvafiq sənədlərin çıxarılması ilə bağlı dövlət orqanlarının təklifləri ümumiləşdirilərək Nazirlər Kabinetinə təqdim edilmişdir.
Hesabat ilində “ASAN xidmət” mərkəzlərində xidmətlərin həyata keçirilməsində aşkar edilmiş uyğunsuzluqların ortadan qaldırılması, elektron xidmətlərin tətbiqi və tələb edilən sənədlərin müvafiq dövlət orqanlarının informasiya sisitemlərindən istifadə edilməklə əldə edilməsi imkanları qiymətləndirilmiş və qanunvericiliyə dəyişiklik layihələri hazırlanmışdır.

1.8.

Yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikası Mərkəzi Bankının Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi və elektron terminallar vasitəsilə həyata keçirilməsinin təmin edilməsi

 

Yerli vergilərin və ödənişlərin elektron terminallar və informasiya sistemi vasitəsilə həyata keçirilməsi imkanları

2016-2017

“ASAN ödəniş” sistemi - inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların, protokolların və xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin vətəndaşların elektron ünvanlarına, mobil telefon nömrələrinə elektron qaydada (qısa mesaj - SMS vasitəsilə) göndərilməsini, inzibati xəta haqqında protokoldan və ya inzibati xəta haqqında iş üzrə qərardan şikayət və vəsatət verilməsini, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların icra müddətlərinə nəzarət edilməsini, müddətlərin bitməsi barədə vətəndaşların məlumatlandırılmasını, inzibati cərimələrin və məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin və digər ödənişlərin xüsusi ödəmə terminalları və mobil telefon aparatları vasitəsilə elektron qaydada ödənilməsini təmin edilməsi üçün yaradılmışdır. Sistem Azərbaycan Respublikası Mərkəzi Bankının Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi və digər ödəniş sistemlərinə inteqrasiya edilmişdir. 
“ASAN Ödəniş” sisteminə 29 mərkəzi icra hakimiyyəti orqanı, 71 yerli icra hakimiyyəti orqanı qoşulmuşdur. Hazırda Sistemin internet Portalı və terminallar üzərindən cərimələrin ödənişi, eyni zamanda rüsumların, kommunal və rabitə xidmətləri üzrə ödənişlərin həyata keçirilməsi təmin edilmişdir.
Yerli özünüidarəetmə (bələdiyyə) qurumlarının ödənişlərinin “ASAN ödəniş” sistemi üzərindən aparılması məqsədilə “ASAN ödəniş” portalında “Bələdiyyə orqanları” bölməsi yaradılmış, həmin bölmə üzrə məlumatların Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemindən əldə edilməsi təmin edilmişdir. Hazırda bölmədə “Mənfəət vergisi”, “Torpaq vergisi”, “Əmlak vergisi”, “Yerli ödənişlər”, “Mədən vergisi” ilə bağlı ödənişlərin şəxsiyyət vəsiqəsi və VÖEN məlumatları ilə identifikasiya edilərək ödənilməsi mümkündür.
Həmin ödənişlərin “Asan ödəniş” terminalları üzərindən aparılmasının təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi davam etdirilir. 

2.4.

Dövlət orqanlarının internet səhifələrinin mobil versiyalarının hazırlanması, sosial şəbəkələrdə səhifələrin açılması və onların aktiv fəaliyyətinin təmin edilməsi

 

Hazırlanmış mobil versiyalar və həyata keçirilmiş tədbirlərlə bağlı məlumatlar

2016-2018

Dövlət orqanlarının internet səhifələrinin mobil versiyalarının hazırlanması, sosial şəbəkələrdə səhifələrin açılması və onların aktiv fəaliyyətinin təmin edilməsi istiqamətində hesabat ilində Dövlət Agentliyi tərəfindən yaradılmış http://www.asan.gov.az/ internet informasiya ehtiyatı mobil qurğularda açılması üçün uyğunlaşdırılmışdır. 
Dövlət Agentliyinin 2013-cü ildə açılan sosial şəbəkə səhifələri vasitəsilə 2016-cı il ərzində aktiv fəaliyyət davam etdirilmişdir.
Sosial şəbəkələr üzrə Dövlət Agentliyi və mərkəzlərin fəaliyyəti barədə il ərzində mütəmadi paylaşımlar edilmişdir:
- “ASAN xidmət”-in Facebook sosial şəbəkəsindəki səhifəsinin 411.800-dən çox izləyicisi var. Hesabat ilində 430-dək məlumat postu yerləşdirilmişdir. Bu postlara gün ərzində daxil olan ortalama şərhlərin sayı 384 və ortalama bəyənmənin sayı isə 2200 olmuşdur;
- Dövlət Agentliyinin Facebook sosial şəbəkəsindəki səhifəsinin 9570-dən çox izləyicisi var. Hesabat ilində 100-dən çox məlumat postu yerləşdirilmişdir. Yerləşdirilmiş postlarda ortalama bəyənmənin sayı isə 200 olmuşdur;
- “ASAN xidmət”-in Twitter səhifəsində hesabat ilində 100-ə yaxın tweet yerləşdirilmişdir. Bu tweetlərdən çoxu foto və video informasiyadır. 3398-ə yaxın izləyici mövcuddur;
- “ASAN xidmət”-in instagram səhifəsində hesabat ilində 160-dan çox post yerləşdirilmişdir. Səhifənin ümumi izləyicilərin sayı 12100-dən çoxdur. İnstagram sosial şəbəkəsində #asanxidmet haştaqı ilə 700-dən çox paylaşım edilmişdir;
- “ASAN xidmət”-in Youtube kanalında 2016-cı il ərzində videolara ümumi baxış sayı 260 000-ə yaxındır. Yüklənmiş ümumi videoların sayı isə 384-dən çoxdur. Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Ukrayna, Çexiya, Böyük Britaniya, Danimarka, Gürcüstan, Almaniya və s. ölkələrdən baxış sayı üstünlük təşkil edir.

4.1. Vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi

4.1.1.

Açıq hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması istiqamətlərində qeyri-hökumət təşkilatlarının layihə və təşəbbüslərinə dəstəyin prioritet istiqamət kimi müəyyən edilməsi

Prioritetin müəyyən edilmə forması və dəstəklənən layihələrin sayı

2016-2018

Hesabat ilində yerli qeyri-hökümət təşkilatları ilə könüllük fəaliyyəti və onun təkmilləşdirilməsi ilə bağlı təklif və təşəbbüslər qiymətləndirilmişdir. Belə ki, “ASAN School” proqramının Master 2 pilləsi çərçivəsində 13 və asankadr.az portalı vasitəsi ilə 58 yerli qeyri-hökümət və digər təşkilatlar ilə əməkdaşlıq qurulumuşdur.

4.2. İctimai iştirakçılığın genişləndirilməsi

4.2.1

İctimai Şuraların təşkil edilməsi, gücləndirilməsi və davamlılığının təmin edilməsi

 

Yeni yaradılmış ictimai şuralar, onların fəaliyyəti ilə bağlı məlumatlar

2016-2018

2013-cü ildən fəaliyyət göstərən “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura” ilə əməkdaşlıq fəaliyyəti cari ildə davam etdirilmişdir. 2016-cı il ərizndə İctimai Şura ilə 6 toplantı və müzakirə xarakterli çoxlu sayda görüşlər keçirilmişdir. Toplantılarda QHT və aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı təmin edilmişdir. Toplantılarda aşağıdakı məsələlər müzakirə edilmişdir:

  • Elektron hökumət quruculuğunun inkişafı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi;
  • Dövlət Xidmətlərinin Elektron Reyestrinin fəaliyyatinin təkmilləşdirilməsi və dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və effektivliyinin artırılması;
  • Yerli icra orqanlarında elektron xidmətlərin təşkili;
  • “ASAN xidmət indeksi” üzrə qiymətləndirmənin təşkili;
  • İnternetə qoşulma xidmətlərinin asanlaşdırılması və ASAN.Net layihəsi;
  • Açıq hökumət məlumatları (open data) ilə bağlı mövcud vəziyyətin müzakirəsi.

Mövzular üzrə müzakirələrin nəticəsində İctimai Şura tərəfindən təqdim edilən təkliflər təhlil edilərək hazırlanan layihələrdə və tətbiqdə nəzərə alınmışdır.

4.2.2

İctimai şuraların tərkibi və fəaliyyəti ilə bağlı rəsmi internet resurslarında ayrıca bölmələrin yaradılması və məlumatların mütəmadi yenilənməsi

 

İnternet resurslarında elektron bölmələrin fəaliyyəti və yerləşdirilmiş məlumatların sayı

2016-2018

Dövlət Agentliyinin 2017-ci il ərzində internet informasiya resurslarında yenilənmələrinin aparılması çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.

5. Maliyyə şəffaflığının təmin edilməsi

5.6.

Büdcə təşkilatları tərəfindən dövlət satınalmaları ilə bağlı məlumatların internet səhifələrində yerləşdirilməsi

 

Satınalmalarla bağlı məlumatların açıqlanması

Mütəmadi

Hesabat ilində Dövlət Agentliyi tərəfindən elan edilmiş tenderlər “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Respublika” qəzetində dərc edilmiş və rəsmi internet saytında (www.tender.gov.az) yerləşdirilmişdir.

8. Korrupsiyanın qarşısının alınması sahəsində tədbirlər və qanunvericiliyin təkmilləşdirilməsi

8.6.

“ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi

 

Həyata keçirilmiş tədbirlər

2016-2018

Hesabat ilində “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanına dəyişiklik layihəsi hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 iyun tarixli 934 nömrəli Fərmanı ilə qəbul edilmişdir. Dəyişikliklərə əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları tərəfindən Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş xidmətlərin “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla Dövlət Agentliyi tərəfindən qiymətləndirilməsinin həyata keçirilməsi tapşırığı verilmişdir. Bu tapşırığın icrası məqsədi ilə “Dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi Qaydaları” təsdiq edilmişdir. Fərmanda qeyd edilən 7 parametr və Qaydalarda yer alan 143 meyar “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartları nəzərə alınaraq müəyyən edilmişdir. 2016-cı il 1 noyabr-31 dekabr tarixləri arasında pilot layihə çərçivəsində 10 mərkəzi və 13 yerli icra hakimiyyəti orqanının Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş 300-dən çox xidmətinin qiymətləndirilməsinin ilkin mərhələsi həyata keçirilmişdir. Dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi yuxarıda qeyd edilən standartların digər dövlət orqanlarında və dövlət xidmətlərinin göstərilməsində tətbiqinə təkan verəcəkdir.

8.7.

Sahibkarların qarşılaşdıqları problemlərin həlli məqsədi ilə onların müraciətlərinə baxılıması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi

 

Müraciətlərə baxılması işində olan təkmilləşdirmələr

2016-2018

“Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı təsdiq edilmişdir. Hesabat ilində sahibkarların qarşılaşdıqları problemlərin həlli məqsədi ilə onların müraciətlərinə baxılıması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi istiqamətində Dövlət Agentliyində Apellyasiya Şurası yaradılmışdır. 
Apellyasiya Şurasına Dövlət Agentliyinin rəsmi internet informasiya ehtiyatı üzərindən müraciət imkanı təmin olunmuş və həmin sistem elektron hökümət portalı ilə inteqrasiya edilmişdir.
Cari il ərzində Dövlət Agentliyinin Apellyasiya Şurasına 3 müraciət daxil olmuş və aidiyyəti dövlət orqanı və təşkilatlara göndərilmişdir.

10. Maarifləndirmə və əməkdaşlıq

10.1.

Açıq hökumət və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan beynəlxalq təşkilatlar və xarici ölkələrin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq əlaqələrinin təkmilləşdirilməsi, tövsiyə və tələblərin icrası üzrə tədbirlərin həyata keçirilməsi

 

Həyata keçirilmiş birgə tədbirlər və əməkdaşlığın səviyyəsi

2016-2018

Hesabat ilində Dövlət Agentliyi tərəfindən “ASAN xidmət” modelinin dövlət xidmətlərinin göstərilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl təcrübə kimi təşviq edilməsi, digər ölkələrdə tətbiq edilməsi ilə bağlı aşağıdakı işlər görülmüşdür:

  • Cari il mart ayı ərzində Əfqanıstan nümayəndə heyətinin “ASAN xidmət” mərkəzlərinə səfərləri olmuşdur. Nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri və fəaliyyəti ilə tanış olmuşdur.
  • 4-9 aprel 2016-cı il tarixində Albaniya Respublikasının Birgə Xidmətlərin Göstərilməsi Agentliyinin (ADİSA) nümayəndə heyəti “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədi ilə ölkəmizə səfər etmişdir.
  • 24-25 may 2016-cı il tarixində Misir Ərəb Respublikasının İnzibati Nəzarət İdarəsinin nümayəndə heyəti “ASAN xidmət” mərkəzləri ilə tanış olmuşlar.
  • 28 aprel 2016-cı il tarixində İran Prezidenti Administrasiyasının İnformasiya Texnologiyası, Rabitə və Təhlükəsizlik Mərkəzinin nümayəndə heyəti “ASAN xidmət” mərkəzləri ilə tanış olmuşdur.
  • 12 iyul 2016-cı il tarixində Əfqanıstan Prezidentinin sarayında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilmişdir. Anlaşma Memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Əfqanıstan Respublikasının Maliyyə Nazirliyi arasında imzalanmışdır.
  • 19 avqust 2016-cı il tarixində Dövlət Agentliyi tərəfindən “Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlıq Forumu” keçirilmişdir. Forum çərçivəsində Dövlət Agentliyi ilə Koreya Respublikasının Daxili İşlər Nazirliyi arasında “E-hökumət və dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır.
  • 4 oktyabr 2016-cı il tarixində İran İslam Respublikasının daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin və "ASAN radio"nun fəaliyyəti, yaradılmış şərait və iş prinsipi ilə tanış olmuşdur.
  • 28-29 noyabr 2016-cı il tarixlərində Ukraynanın Kiev şəhər Administrasiyasının Dövlət Xidmətləri İdarəsinin nümayəndə heyəti “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə tanış olmuşdur.
  • 2 noyabr 2016-cı il tarixində İndoneziya Respublikasının Administrativ və Bürokratik İslahatlar nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzlərində, eyni zamanda da Xırdalan şəhərində xidmət göstərən Səyyar ASAN xidmət avtobusunda göstərilən fəaliyyət ilə tanış olmuşdur.

Hesabat ilində Dövlət Agentliyinin nümayəndələri tərəfindən aşağıdakı beynəlxalq tədbirlərdə iştirak edilmiş və məlumatlandırma fəaliyyəti aparılmışdır:

  • 8-10 fevral tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Ümumdünya İdarəetmə Zirvə Toplantısı;
  • May, iyun, iyul və sentyabr aylarında Çin Xalq Respublikasının Ticarət Nazirliyinin Təlim mərkəzinin, Çin İdarəetmə Akademiyasının, Çin Xalq Respublikasının Dövlət İdarəçiliyi və İnsan Resursları üzrə Çin Dövlət Şurasının Tədqiqat Mərkəzi İnstitutunun birgə təşkilatçılığı ilə müxtəlif mövzularda təşkil edilən seminarlarda son islahatlar və “ASAN xidmət” təcrübəsi ilə əlaqədar;
  • 2 iyun tarixində Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakı şəhərində Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının “Demokratiya, Qabaqcıl İdarəçilik və Sabitlik” üzrə 1-ci Platformasının “Dövlət İdarəetməsinin İslahatları Paneli”nin 10-cu iclası keçirilmişdir. İclasda panelin fəaliyyət istiqamətləri üzrə Şərq Tərəfdaşlığı ölkələrində görülmüş tədbirlərin nəzərdən keçirilməsi, dövlət idarəetməsi, dövlət xidmətlərinin göstərilməsi, elektron hökumət və məlumatların mühafizəsi, dövlət qulluğu, yerli və regional idarəçilik kimi məsələlər müzakirə olunmuşdur. Panelin iclasında iştirak etmək məqsədi ilə Avropa İttifaqı Katibliyi, üzv dövlətləri və Şərq Tərəfdaşlığı ölkələrindən təxminən 50 nümayəndə Bakıya səfər etmişdir;
  • 2016-cı il 19 avqust tarixində Dövlət Agentliyi tərəfindən “Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlıq Forumu” keçirilmişdir. Forum çərçivəsində Dövlət Agentliyi ilə Koreya Respublikasının Daxili İşlər Nazirliyi arasında e-hökumət və dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Anlaşma Memorandumu e-Hökumət və dövlət xidmətlərinin göstərilməsi, o cümlədən mobil hökumət xidmətləri sahəsində Dövlət Agentliyi və Koreya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq və təcrübə mübadiləsinin təşviq edilməsi məqsədini daşıyır və bu əməkdaşlığın ümumi istiqamətlərini müəyyən edir;
  • 2016-cı 30 sentyabr tarixində V Bakı Beynəlxalq Humanitar Forumu keçirilmişdir. Dövlət Agentliyinin nümayəndə heyəti tədbir çərçivəsində təşkil olunmuş “Davamlı inkişaf və ekoloji sivilizasiya” adlı paneldə iştirak etmiş və “Davamlı inkişaf məqsədlərinə nail olmaqda insan kapitalının rolu” mövzusunda təqdimatla çıxış etmişdir;
  • 6-7 oktyabr tarixində Koreya Respublikasına rəsmi səfər təşkil edilmişdir. Forumun plenar iclası zamanı Azərbaycanda həyata keçirilən institusional islahatların tərkib hissəsi olaraq yaradılmış “ASAN xidmət” modelinin fəaliyyəti barədə ətraflı çıxış edilmişdir;
  • 2016-cı il 6-7 oktyabr tarixində Polşa Respublikasının Varşava şəhərində keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının Dövlət İdarəçiliyi İslahatları Panelinin 11-ci iclasında “ASAN xidmət” barədə çıxış edilmişdir;
  • 2016-cı il 31 oktyabr-4 noyabr tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Cənub-Cənub Əməkdaşlığının İnkişafı üzrə Qlobal Forum” keçirilmişdir. Forumda Dövlət Agentliyinin nümayəndə heyəti iştirak etmiş və “Davamlı İnkişaf üzrə 2030 gündəliyinin icrası istiqamətində Milli İnkişaf prioritetləri” mövzusunda keçirilmiş paneldə “ASAN xidmət”ə dair təqdimatla çıxış edilmişdir;
  • 2016-cı il 9 - 10 noyabr tarixində Koreya Respublikasının Busan şəhərində “Hökumət 3.0 Qlobal Forumu” keçirilmişdir. Forumun keçirilməsində məqsəd idarəetmə sahəsində müasir çağırışların müəyyən edilməsi və bu sahədə ən son innovasiyaların müzakirəsi olunmuşdur. Həmçinin, forum dövlət və vətəndaşlar arasında qarşılıqlı əlaqə sahəsində uğurlu təcrübələrin nümayiş etdirilməsi üçün platforma qismində çıxış etmişdir.  Forum  çərçivəsində “Daha Ağıllı Hökumət” mövzusunda təşkil olunmuş paneldə Dövlət Agentliyinin nümayəndəsi çıxış etmişdir;
  • 2016-cı il 9 noyabr tarixində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində yerləşən Dövlət Qulluğu üzrə Regional Mərkəzinin təşkilatçılığı ilə “İnstitusional islahatların reallaşdırılması üzrə 100 addım” adlı Qazaxıstan Milli İnkişaf Planının icrası kontekstində dövlət xidmətlərinin göstərilməsinin keyfiyyətinin artırılması” mövzusunda beynəlxalq seminar keçirilmişdir. Beynəlxalq seminarda Dövlət Agentliyinin nümayəndəsi “ASAN xidmət”in təcrübəsinə dair geniş təqdimatla çıxış etmişdir;
  • 2016-cı il 7-8 dekabr tarixində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərinə səfər təşkil olunmuşdur. Səfər çərçivəsində təqdimatla yanaşı Efiopiya Federal Demokratik Respublikasının dövlət qulluğu və insan resurslarının inkişafı üzrə dövlət naziri və Xarici İşlər Nazirliyinin Siyasi araşdırmalar və təhlil idarəsinin rəhbəri ilə də görüşlər keçirilmişdir. Görüşlərdə dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verilmiş və bu istiqamətdə Azərbaycan Efiopiya arasında gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

10.2.

Müxtəlif hədəf qrupları, o cümlədən dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış üzrə təhsil-tədris proqramlarının hazırlanması, təlim və treninqlərin keçirilməsi, belə təşəbbüslərin dəstəklənməsi

 

Hazırlanmış tədris proqramlarının, keçirilmiş təlim və treninqlərin və cəlb edilmiş şəxslərin sayı

Mütəmadi

Dövlət Agentliyində hesabat ilində “Etik davranış vətəndaş məmnunluğunun əsas şərtlərindən biri kimi”, “Stresli hallardan düzgün müdafiə vasitələri və texnikaları”, “Səmərəli xidmətdə sosial həsasslığın və kütlə psixologiyasının rolu”, “Münaqişəli halların idarə olunması”, “Stressin idarə edilməsi”, “Etik davranışın, emosional stabiliyin və ünsiyyət bacarıqlarının səmərəli xidmətdə rolu” və digər mövzularda təlimlər keçirilmişdir. Etik davranış məsələləri ilə bağlı 2016-cı il ərzində Dövlət Agentlyinin əməkdaşlarına və könüllülərinə 51 təlim keçirilmiş və təlimlərdə 950 əməkdaş iştirak etmişdir.

10.4.

Açıq hökumət və korrupsiyaya qarşı mübarizə sahəsində sosial çarxların, bukletlərin, yaddaş kitabçalarının və digər maarifləndirici materialların nəşri və paylanması

 

Hazırlanmış və paylanmış təşviqat materialları barədə məlumat

2016-2018

Hesabat ilində “ASAN xidmət” modelinin dövlət xidmətlərinin göstərilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl təcrübə kimi” mövzusunda sosial çarxın, buklet və broşürların hazırlanması istiqamətində “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərlə bağlı maarifləndirici materialların nəşri və əhali arasında ödənişsiz paylanması və məlumatlandırmanın daha müfəssəl qaydada təmin edilməsi məqsədi ilə 3 dəfə yeni dizaynda çap məhsulları (buklet, kitabça, qovluq və s.) hazırlanmışdır.
Hesabat ilində Dövlət Agentliyi tərəfindən “ASAN xidmət” jurnalının altıncı sayı və “Brand story” jurnalının cari il ərzindəki sonuncu buraxılışı azərbaycan dilindən ingilis dilinə tərcümə edilmişdir. Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərinə səfər etmiş xarici qonaqlara və Azərbaycan Respublikasının xarici ölkələrdə akreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərinə (Kuveyt, Efiopiya, Koreya Respublikası, BƏƏ və.s) “ASAN xidmət”ə dair xarici dildə olan təbliğat-təşviqat materialları göndərilmişdir.

 

11. Fəaliyyət Planının icrasının monitorinqi və nəzarətin təşkili

11.1.

Fəaliyyət Planının icrasının monitorinqi prosesinə informasiya texnologiyalarının tətbiqi üzrə tədbirlərin görülməsi, dövlət orqanları tərəfindən Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasına məsul şəxslərin müəyyən edilməsi

 

Elektron proqram təminatlarının hazırlanması, məsul şəxslərin müəyyən edilməsi və onlar üçün təlimlərin keçirilməsi

2016-2018

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası tərəfindən daxil olmuş 2016-cı il 9 sentyabr tarixli 25/674 saylı məktuba əsasən “Elektron monitorinq” sisteminin yaradılması üçün tədbirlər görülmüşdür. Belə ki, Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin aktlarının icrasına nəzarət edilməsini təmin edən monitorinq sisteminin qurulması üçün konsepsiya və texniki sənəd hazırlanmışdır. 
Sənəddə “Elektron Monitorinq” Sisteminin işləmə prinsipləri, imkan və funksionallıqları təsvir edilmişdir. Bu sistem vasitəsi ilə nəzarət orqanına aşağıdakı imkanlar yaradılmışdır:
• Qanunvericilik aktlarında qeyd edilən tapşırıqları daxil etmək və icraçı Qurumu seçmək;
• Tapşırıqların həyata keçirilməsi mərhələlərinə nəzarət etmək;
• Tapşırıqların həyata keçirilməsi ilə bağlı təsdiqedici sənədlərlə tanış olmaq;
• Tapşırıqların həyata keçirilməsi ilə bağlı göstəriş və tövsiyələr vermək;
• Real vaxt rejimində hesabatlılıq sistemindən istifadə etmək;
• Performans analizi apara bilmək.
Texniki sənəd əsasında “Monitoris” Elektron Monitorinq Sistemi hazırlanaraq http://www.ems.gov.az/ ünvanında yerləşdirilmişdir. Hazırda sistem pilot versiyada test rejimində fəaliyyət göstərir.

11.5.

Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası üçün vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın qurulması və onların fəaliyyətinin dəstəklənməsi

 

Dəstəklənmiş layihələrin sayı

2016-2018

Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası üçün vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın qurulması və onların fəaliyyətinin dəstəklənməsi istiqamətində hesabat ilində “ASAN Könüllüləri” Gənclər Təşkilatı (AKGT), Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK), Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondu, IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura ilə əməkdaşlıq qurulmuşdur.

11.6.

Açıq hökumət və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin icra vəziyyəti və qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış sorğuların, araşdırmaların keçirilməsi və nəticələrinin elan edilməsi

 

Həyata keçirilmiş sorğu və araşdırmalar barədə məlumat

2016-2018

Açıq hökumət və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin icra vəziyyəti və qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış sorğuların, araşdırmaların keçirilməsi və nəticələrinin elan edilməsi istiqamətində “2016-cı il üçün xidmətin keyfiyyətinin ölçülməsi məqsədilə “ASAN xidmət” mərkəzlərində rəy sorğularının keçirilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq 21.01.2016 – 12.12.2016-cı il tarixləri ərzində “ASAN xidmət” mərkəzlərində 36, səyyar xidmət avtobuslarında 12 dövri rəy sorğusu olmaqla cəmi 48 dövri rəy sorğusu keçirilmişdir. Nəzərdən keçirilən dövr ərzində xidmətlərə cəmi 5060395 müraciət qeydə alınmışdır ki, bunlardan 1087894-ü sorğu dövrü daxil olan müraciətlərdir. İl ərzində 243890 sorğu qeydə alınmışdır. Sorğularda iştirak əmsalı 22,4 % olmuşdur. Toplanmış sorğuların gündəlik orta sayı 339-a bərabər olmuşdur. Sorğunun aparıldığı dövr ərzində vətəndaşlardan 2390 şikayət, 700 təklif, 171044 təşəkkür (sorğu anketlərindən) daxil olmuşdur. 69756 nəfər sorğuda münasibət bildirməmişdir. İl ərzində mərkəzlər üzrə ümumi məmnunluq əmsalı 99.2%, səyyar xidmət üzrə 99.9% olmaqla, ümumilikdə orta məmnunluq əmsalı 99.55% olmuşdur.