Ceyhun Akif oğlu Salmanov 22 dekabr 1986-cı ildə anadan olub.
2004-2008-ci illərdə Bakı Dövlət Universitetində iqtisadi kibernetika ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ABŞ-ın Corciya Dövlət Universiteti ilə müştərək həyata keçirilən MBA (Biznesin təşkili və idarəedilməsi) istiqaməti, 2015-2016-cı illərdə isə Birləşmiş Krallığın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) İnformasiya Sistemləri və Rəqəmsal İnnovasiyaların İdarə olunması ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Həmçinin 2020-ci ildə Amerika Birləşmiş Ştatlarının Dyuk Universitetinin Fuqua Biznes və Strateji İdarəetmə Məktəbinin rəhbər şəxslər üçün nəzərdə tutulmuş Strateji İdarəetmə Proqramını bitirib.
2010-2012-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Aparatının Dövlət aparatının maliyyəsi şöbəsində məsləhətçi vəzifəsində çalışıb.
19 noyabr 2012-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Strateji araşdırmalar sektorunun müdiri, 27 avqust 2013-cü il tarixindən isə Dövlət Agentliyinin Elektron hökumət və rəqəmsal innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb. 20 iyun 2018-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin olunub.
İngilis, rus dillərini bilir.
Ailəlidir, 3 övladı var.